Qadın minaaxtaran: Sonuncu mina tapılana qədər işimə davam edəcəyəm

Qadın minaaxtaran: Sonuncu mina tapılana qədər işimə davam edəcəyəm

Gördüyüm işlə fəxr edirəm. Sonuncu mina tapılana qədər işimə davam edəcəyəm.

Bunu "Birxeber.Az"un Qarabağ bürosuna müsahibəsində minatəmizləmə əməliyyatlarında iştirak edən Səmayə Əhmədli deyib.

Onun sözlərinə görə, minatəmizləmə işi məsuliyyətli olduğu qədər, həm də təhlükəlidir:

"Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişəm. Elmi işim də atom bombası ilə bağlı olub. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) işlə bağlı elanını da müəllimimdən eşitmişdim. Müraciət edəndən bir qədər sonra dəvət olundum. Bir müddət təcrübə sahələrində olduq. Oradakı mənzərə ilə minalı sahələrdəki durum oxşar olsa da, məsuliyyət daha çoxdur. Bilirsən ki, burda real təhlükə var. Ona görə də daha da məsuliyyətli və diqqətli olmağa çalışırıq".

S.Əhmədli işindən zövq aldığını və sona qədər bu sahədə çalışacağını bildirib:

"Çox zaman buna bənzər işlər olanda deyirlər ki, qadınlar bacarmaz. Amma mən deyirəm ki, heç bir ağır və təhlükəli iş qadınları çəkindirə bilməz. Torpaqlarımızdan sonuncu mina çıxarılana qədər bu işə davam edəcəyəm".

Qeyd edək ki, qadın minaaxtaranlar layihəsi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) tərəfindən Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramının (UNDP), Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) vasitəçiliyi və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə həyata keçirilir.

Qadın minatəmizləmə qrupları ötən ilin sentyabrın 25-də Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində fəaliyyətə başlayıblar. Hazırda qrup həmin rayonun Nəmirli kəndinin ərazisini minalardan təmizləyir.