"Prezidentin Naxçıvanla nəqliyyat əlaqəsini vurğulaması Zəngəzur dəhlizinin açılması üçün addımlara işarədir" - RƏY

"Prezidentin Naxçıvanla nəqliyyat əlaqəsini vurğulaması Zəngəzur dəhlizinin açılması üçün addımlara işarədir" - RƏY

7 fevral sadəcə prezident seçkiləri günü yox, həm də xalqın müzəffər liderinə təşəkkür günü kimi dəyərləndirilə bilər.

Bu sözləri "Birxeber.Az"a Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Prezident İlham Əliyevin andiçmə mərasimi zamanı çıxışını şərh edərkən deyib.

O xatırladıb ki, İlham Əliyev andiçmə mərasimində xalqına ona etimad göstərdiyi, dəstəklədiyi üçün təşəkkür etdi, Dövlət-Ordu-Xalq birliyinin Azərbaycanı qələbələrə, yeni zirvələrə apardığını vurğuladı:

"Prezidentin böyüklüyü özünün və dövlətin nailiyyətlərinin mənbəyinin Azərbaycan xalqı olmasını etiraf etməsindədir. Dövlət başçısı andiçmə mərasimindəki nitqi zamanı 2003 və 2023-cü illər arasında Azərbaycanın müxtəlif istiqamətlərdə keçdiyi uğurlu yola nəzər yetirdi və daha sonra qarşımızdakı yeni dövrlə bağlı vədlər verdi".

Ekspert qeyd edib ki, İlham Əliyev ötən 20 ildə xalqını vahid amal – torpaqların işğaldan azad edilməsi uğrunda səfərbər edə bildi:

"O, yeni dövrün başlanğıcında bu amallara nail olduğumuzu, artıq qarşıya yeni hədəflərin qoyulduğunu bəyan etdi. Bu hədəflər sırasında ordu quruculuğu, hərbi sənayedə inkişaf və ixracın artırılması, eyni zamanda yeni nəslin milli ənənələrə və dəyərlərə sadiqlik ruhunda yetişdirilməsi xüsusilə qeyd oluna bilər. Cənab Prezident yeni nəslin hərbi-vətənpərvərlik ruhunda yetişməsində həm ailənin, həm də məktəbin, o cümlədən dövlətin eyni dərəcədə məsuliyyət daşıdığını vurğuladı".

Ş.Cəlilzadə söyləyib ki, İlham Əliyev Azərbaycan üçün tarixi ədaləti bərpa etməyi bacardı, torpaqların işğalına son qoydu:

"O, indi həm də dünyadan ədalətli mövqe göstərməyi tələb edir. İlham Əliyev deyir ki, işğalçıya dəstək verən, işğal siyasətinə görə sanksiyaya məruz qoymayan, bunu pisləməyən qüvvələr də eyni qədər məsuliyyət daşıyırlar. Bu, ikili standartlardır. İlham Əliyev andiçmə nitqi ilə dünyanın ikili standartlarına meydan oxudu. 2020-dən ötən dövrdə Azərbaycan üçtərəfli bəyanatı reallaşdırmaqla məşğuldur. Xankəndinin azad edilməsi bu bəyanatın 4-cü maddəsinin – erməni silahlı qüvvələrinin ölkəmizdən çıxarılması bəndinin reallaşdırılması kimi şərh oluna bilər".

Ş.Cəlilzadənin fikrincə, Prezidentin Naxçıvanla bağlantı məsələsini vurğulanması qarşıdakı dövrdə Zəngəzur dəhlizinin açılması istiqamətində addımların atılacağının ilkin işarəsi ola bilər.

"Səbrimiz tükənəndə heç nə bizi hədəf və məqsədlərimizdən yayındırmır və bunu da Prezident açıq nitqlə bəyan etdi. II Qarabağ müharibəsi uğurla yekunlaşdıqdan sonra yeni dövr başlayır. Yeni dövr qalibiyyət dövrüdür və bu dövrdə böyük uğurlara imza atılacağı vəd olundu. Hədəf güclü Azərbaycandır. Xaricdən bizə sırınan gündəlik, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması artıq gündəmdə olmayacaq. Güclü Azərbaycan artıq özü həm daxili, həm xarici gündəliyi diktə edən tərəf olacaq", - Şəhla Cəlilzadə əlavə edib.