"Prezident ölkə və cəmiyyət qarşısında yeni hədəflər qoydu" - RƏY

"Prezident ölkə və cəmiyyət qarşısında yeni hədəflər qoydu" - RƏY

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Cavid Vəliyev Prezident İlham Əliyevin fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində çıxışı zamanı ölkə və cəmiyyət qarşısında yeni hədəflər qoyduğunu bildirib.

Politoloq "Report"a açıqlamasında qeyd edib ki, dövlət başçısının nitqində bir neçə vacib məqam və istiqamət var.

Onun sözlərinə görə, Prezidentin uzaqgörən siyasəti və rəhbərliyi altında Azərbaycan Qarabağı işğaldan azad etməklə məqsədinə çatıb: "Torpaqlarımızın işğaldan azad olunması təkcə beynəlxalq hüquq prinsiplərinin yerinə yetirilməsi deyil, həm də yeni bir dövrün başlanğıcıdır”.

"Torpaqlarımızı işğaldan azad edərkən necə ortaq düşüncə, vahid bir ideologiya ətrafında birləşmişdiksə, bundan sonra da eyni mövqeni sərgiləməliyik. Hazırda dünyada ideologiyalararası mübarizə davam edir və bunun məqsədlərindən biri özlərini böyük hesab edən dövlətlərin kiçik dövlətlərin ideologiyalarını udmaq cəhdidir. Bunun üçün biz xaricdən gələn təhdidlərə qarşı milli ideologiyamız ətrafında birləşməliyik", - C.Vəliyev qeyd edib.

Şöbə müdiri söyləyib ki, ortaq hədəflərə çatmaq üçün birlik nümayiş etdirmək vacibdir: "Dövlət başçısı da ötən gün çıxışında bu məsələyə toxundu. Bir yumruq olaraq vahid ideologiya, milli kimlik, mənəviyyatımıza sahib çıxmalıyıq ki, dövlətimizi və xalqımızı qoruya bilək”.