Ermənistanın keçmiş iqtisadiyyat naziri İstintaq Komitəsinə çağırılıb

Ermənistanın keçmiş iqtisadiyyat naziri İstintaq Komitəsinə çağırılıb

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyan İstintaq Komitəsinə çağırılıb.

“Birxeber.Az” “News.am”a istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsindən bildirilib.

Məlumata görə, o, “Sinergiya” şirkətinin işi üzrə quruma dəbət olunub.

Bir müddət əvvəl V.Kerobyanın ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırıldığına dair məlumat yayılmışdı. Ona ittiham elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, V.Kerobyan fevralın 14-də istefaya göndərilib.

Xatırladaq ki, yanvarın 31-də iqtisadiyyat nazirinin müavini Ani İspiryan və qurumun daha 6 əməkdaşı korrupsiyada şübhəli bilinərək həbs edilib. V.Kerobyan müavinini müdafiə etmiş, bu məsələdə anlaşılmazlığın olduğunu bildirmişdi.

Bundan başqa, həmin günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunmuşdu. Onun tutulması da İqtisadiyyat Nazirliyi ilə bağlıdır. Məlumata görə, A.Gevorkyan Ermənistanda tanınmış “Sinergiya” informasiya texnologiyaları şirkətində uzun illər çalışıb, proqram meneceri olub. Bu müəssisə tenderdə iştirak etsə də, qalib gəlməyib. Ona görə də müsabiqə ləğv edilib. Bunun məsuliyyəti isə A.Gevorkyanın üzərinə qoyulub. “Synergy International Systems” şirkətinin qurucusu və direktoru Aşot Ovanesyan da bu cinayət işi üzrə həbs olunub.