Qüdrət Həsənquliyev: Türkiyə və Azərbaycanın sıx inteqrasiyası digər türk dövlətləri üçün də cəlbedici ola bilər

Qüdrət Həsənquliyev: Türkiyə və Azərbaycanın sıx inteqrasiyası digər türk dövlətləri üçün də cəlbedici ola bilər

Türkiyə və Azərbaycanın sıx inteqrasiyası digər türk dövlətləri üçün də cəlbedici ola bilər.

APA xəbər verir ki, bu barədə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev Prezident İlham Əliyevin andiçmə mərasimində Azərbaycanın xarici siyasətinin əsas prioritetinin türk ailəsinə daha sıx inteqrasiya olacağına dair fikirlərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, fikir özlüyündə çox möhtəşəmdir.

“Amma bu necə təsəvvür olunur? Prezident öz çıxışında bu detallara toxunmadı. Düşünürəm ki, Türkiyə və Azərbaycanın sıx inteqrasiyası, inkişaf etdiriləcək münasibətlər digər türk dövlətləri üçün də cəlbedici ola bilər. Biz Türkiyə ilə əvvəlcə ümumi bazar (common market), sonra vahid bazar (single market), ən sonda isə birgə bazar (unified market) yaratmalıyıq. Elə bazar ki, dövlət sərhədləri olmadan malların, xidmətlərin, kapitalın, insanların tam sərbəst hərəkəti təmin edilsin, vahid valyutaya keçək və s. Bu, bizim partiyanın seçki platformasında öz əksini tapıb, mənim çıxışlarımda zaman-zaman səsləndirilib. Amma Azərbaycan iqtidarının buna nə dərəcədə hazır olduğuna əmin deyiləm.

Biz onu da təklif etmişik ki, türk dövlətlərin inteqrasiyası ilə yanaşı, Avrasiya zonasında Avropa Birliyi modelində yeni İttifaqın yaradlması istiqamətində iş aparılsın. Bura türk dövlətlərindən başqa keçmiş sovet respublikaları, Rusiya və İran da dəvət olunsun. Çünki Rusiya Federasiyası tərkibində 8 türk respublikası var, İranda isə Cənubi Azərbaycan. Biz bir xalq olaraq yalnız böyük ittifaqlar çərçivəsində təhlükəsizliyimizi təmin edə, bütövləşə və sürətli inkişafa nail ola bilərik”, - Qüdrət Həsənquliyev qeyd edib.