Emin Həsənli: Ordu quruculuğunda çox böyük nailiyyətlər əldə edilib

Emin Həsənli: Ordu quruculuğunda çox böyük nailiyyətlər əldə edilib

Ordu quruculuğunda çox böyük nailiyyətlər əldə edilib.

Bunu APA-ya açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

Emin Həsənli deyib ki, Vətən Müharibəsindən sonra isə bu nailiyyətlərin davamı kimi islahatlar davam etdirilib. Xüsusilə Ordumuzun Türkiyə modelinə keçirilməsi həm hüquqi, həm maddi-texniki baza, həm hərbçilərin peşəkarlığının artırılması baxımından çox faydalıdır. Türkiyə ilə hərbi təlimlərin keçirilməsi, ağır relyefli şəraitdə döyüş hazırlığının artırılması isə xüsusi təyinatlı qüvvələrimizin güc prinsipini daha da təkmilləşdirib: “İşğaldan azad edilmiş torpaqlarda hərbi hissələrin, zastavaların tikilməsi prosesi yüksək səviyyədə həyata keçirilir. Zabitlərimizin peşəkarlığının artırılması, orduya yeni hərbçilərin qəbulu məsələsi də çox yüksək səviyyədə davam etdirilir. Hərbi məktəblərlə bağlı Ali Baş Komandanın sərəncam və fərmanları oldu ki, bu istiqamətdə də aparılan işlər özünü ən yaxşı tərəfdən göstərməkdədir. Eləcə də hərbçilərin maddi vəziyyətinin yaxşılaşdırılması üçün onların əməkhaqqıları artırılıb və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilməkdədir”.

Emin Həsənli qeyd edib ki, Müdafiə Sənayesi Nazirliyi tərəfindən qardaş Türkiyə ilə bərabər müasir standartlara cavab verən və dünyanın ən qabaqcıl ölkələrini geridə qoyan silahların istehsal edilməsi çox önəmlidir: “Qardaş Türkiyənin bu istiqamətdə çox böyük təcrübəsi var. Prezident Rəcəb Tayyib Ərdoğanın komandanlığı ilə Türkiyə Ordusu böyük uğurlar əldə etməkdədir. Türkiyə ordusu əvvəllər özünü 20 faiz silahla təmin edirdisə, artıq bu rəqəm 80 faizdir ki, gələcəkdə daha da artırılması hədəflənib. Bu mənada, təyyarələr, gəmilər, helikopterlər, tanklar, pilotsuz uçuş aparatlarının istehsalını misal gətirə bilərik. Gələcəkdə bu istehsalın bir qismini Azərbaycanla həyata keçirmək, sözsüz, böyük bir təcrübə olacaqdır”.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Türk Dövlətləri Təşkilatında ölkələr arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıb: “Ümid edirik ki, gələcəkdə Türkiyə-Azərbaycan öndərliyində bu birlik daha da genişləndiriləcək”.

Emin Həsənli bildirib ki, sərhədlərin qorunması ölkənin ən əsas prinsiplərindən biridir: “Hazırda yeni sərhəd infrastrukturu yaradılır. Ermənistanla sərhədlərimizin daha etibarlı qorunması üçün azad edilmiş Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər istiqamətində sərhədlər tam müəyyənləşir. Eləcə də bilirsiniz ki, Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində isə İranla sərhədlərimiz müəyyənləşib və oradakı sərhədlərimiz bütünlüklə Azərbaycan ordusunun nəzarətindədir. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi də mühüm vəzifələrdən biridir. Azərbaycan gəncliyi 44 günlük müharibədə sübut etdi ki, vətənə, xalqa, dövlətə sadiqdir. Buna bizim şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız nümunədir. Yəni elə bir gənclik yetişib ki, onlar vətən uğrunda canından keçməyə hazırdırlar. Buna bütün dünya şahiddir”.