Azərbaycan millisinin sabiq futbolçusu “Qarabağ”dan yeni tarix yazmağı gözləyir

Azərbaycan millisinin sabiq futbolçusu “Qarabağ”dan yeni tarix yazmağı gözləyir

Azərbaycan millisinin sabiq futbolçusu Əfran İsmayılov vaxtilə formasını geyindiyi “Qarabağ”dan UEFA Avropa Liqasında yeni tarix yazmağı gözləyir.

Mütəxəssis “Birxeber.Az”a açıqlamasında Ağdam təmsilçisinin pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubu önündə şanslarını dəyərləndirib.

O, Braqada gərgin mübarizə olacağını bildirib: “Qarabağ” istədiyi futbolu oynasa, qələbə qazana bilər. Komanda səfərdən sərfəli nəticə ilə qayıtsa, davamını Bakıda gətirəcək. Avropanın böyük klublarından birinə qarşı oynayırıq. Buna baxmayaraq, “Qarabağ”ın da yetərincə avrokubok təcrübəsi var. Təmsilçimizdən yeni tarix yazmağı gözləyirəm”.

35 yaşlı məşqçi Azərbaycan çempionunun bugünkü qarşılaşmada əks-hücum futboluna üstünlük verəcəyini düşünür: “Belədə kifayət qədər qol şansları olacaq. Bunlardan yararlana bilsələr, sərfəli nəticə ilə Bakıya qayıdacaqlar. “Qarabağ” bu mərhələyə qədər gəlməklə yeni tarix yazıb. Ancaq bununla kifayətlənməyəcəklər, daha da irəliləməyə çalışacaqlar”.

Əfran İsmayılov “Qarabağ”ın bu mövsüm də Azərbaycan çempionu olacağına şübhə etmir: “Çempionat oyunu ilə “Braqa”ya qarşı matç eyni ola bilməz. “Qarabağ” daxili yarışda rahat oynayır, çünki rəqiblərindən çox öndədir. Məncə, onlar Premyer Liqa çempionluğunu böyük ölçüdə təmin ediblər. Amma “Braqa” ilə qarşılaşma tam fərqli olacaq. Komanda çox gözəl dərk edir ki, tarixi fürsəti əldən vermək olmaz”.

Qeyd edək ki, bu gün Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.