Rusiya XİN: KTMT-də qalmaq ilk növbədə Ermənistanın maraqlarına cavab verir

Rusiya XİN: KTMT-də qalmaq ilk növbədə Ermənistanın maraqlarına cavab verir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərkibində qalmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir.

Birxeber.Az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Ermənistan nümayəndələrinin KTMT iclaslarını boykot etməsini və İrəvanın sonda təşkilatı tərk edə biləcəyindən Rusiyanın narahatlığının olmasını şərh edən Qaluzin qeyd edib ki, KTMT-də qalmaq, təşkilat çərçivəsində tam hüquqlu məsləhətləşmələrə, müzakirələrə qayıtmaq ilk növbədə Ermənistan xalqının və dövlətinin maraqlarına cavab verir.

Diplomatın fikrincə, Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından KTMT mexanizminin alternativi hazırda mövcud deyil.

“Bununla yanaşı, KTMT-yə üzv ölkələr həmişə İrəvana yardım göstərməyə hazır olub və indi də belədir. Vaxtilə Ermənistana hərbi-texniki dəstək, ixtisaslaşmış kadrların hazırlanması ilə bağlı tədbirlər, Ermənistanla Azərbaycan arasında sərhədyanı ərazilərə KTMT-nin monitorinq missiyasının göndərilməsi təklif edilib. Təəssüflər olsun ki, həmin mərhələdə o ideyalar, təkliflər bəyənilmədi və həyata keçirilmədi”, - rusiyalı diplomat əlavə edib.