KİV: Ermənistanın aldığı silah-sursatlar keyfiyyətsizdir

KİV: Ermənistanın aldığı silah-sursatlar keyfiyyətsizdir

Ermənistanın Hindistan, Fransa və digər ölkələrdən aldığı silah, sursat və hərbi texnikalar keyfiyyət standartlarına cavab vermir.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri məlumat verib.

“Fransadan alınan radar qurğuları keyfiyyət tələblərinə cavab vermir və Paris bu radarların aşkar etdiyi hədəfləri məhv etmək üçün nəzərdə tutulmuş raketləri Ermənistana satmır. Fransadan alınan hərbi maşınlara gəlincə, bir neçə hallarda müəyyən edilib ki, onların keyfiyyəti aşağı səviyyədədir. Ukraynanın onlardan imtina etməsi bunu sübut edir”, - məqalədə qeyd olunub.

Hindistandan silah-sursatların tədarükünə gəlincə, hərbi ekspertlərin fikrincə, Ermənistan ordusunda onları idarə etmək üçün təcrübə və lazımi bacarıq yoxdur.

“Ümumerməni cəbhəsi” hərəkatının lideri, sabiq müdafiə naziri Arşak Karapetyan bu ölkələrdən tədarük edilən silahların keyfiyyətinin aşağı olmasından danışıb. Onun sözlərinə görə, silah alqı-satqısı ilə bağlı imzalan bir sıra müqavilələr artıq indiki hakimiyyət tərəfindən ləğv edilib. Söhbət xüsusən də Serbiya ilə bir neçə yüz milyon dollar dəyərində silah və sursatın alınmasına dair müqavilədən gedir”, - məqalədə vurğulanıb.

Qeyd edilib ki, Ermənistanın müdafiə naziri Suren Papikyanın ordunun Hindistan, Fransa və digər ölkələrdən alqı-satqı yolu ilə lazımi silah-sursatla təmin olunduğu barədə son bəyanatı Ermənistan cəmiyyətini çaşdırmaq cəhdidir: “O, Ermənistan cəmiyyətində bu məsələ ilə bağlı dərin təəssürat yaratmağa çalışır: guya Ermənistan ordusu Rusiya tədarüklərindən imtina edərək özünü müasir silah və sursatla təmin edir”.