Azərbaycan səfiri Əfqanıstana gedib, səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib

Azərbaycan səfiri Əfqanıstana gedib, səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib

Azərbaycanın Əfqanıstana təyin edilmiş səfiri İlham Məmmədov Kabilə gedib və Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb.

Birxeber.Az xəbər verir ki, bu barədə Taliban XİN-in nümayəndəsi Əbdül Kaxar Balxi “X” platformasında bildirib.

Azərbaycan Respublikasının Kabildəki səfiri İlham Məmmədov xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşdə Kabildə səfirliyin açılması ilə bağlı rəsmi məktubu təqdim edib.

Qeyd edək ki, müasir Azərbaycanın tarixində ilk dəfə səfir Əfqanıstanda fəaliyyət göstərəcək.

13 yanvar 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikanın Əfqanıstanda səfirliyinin təsis edilməsi haqqında qanunu imzalayıb, 2021-ci ilin iyul ayında isə İlham Məmmədovu Əfqanıstana səfir təyin edib. Azərbaycanın Kabildə səfirliyinin açılması barədə qərar iki ölkə arasında 1994-cü ildə diplomatik münasibətlərin qurulmasından 27 il sonra qəbul edilib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ötən ilin dekabrında illik mətbuat konfransında bildirib ki, Bakı 2024-cü ildə Kabildə səfirlik açmağı planlaşdırır.

Xatırladaq ki, ABŞ-ın 2021-ci ildə qoşunlarını Əfqanıstandan çıxarmaq qərarını elan etməsindən sonra Taliban hərəkatı ölkə üzərində nəzarətini bərpa edib. Belə ki, avqustun 15-də Taliban döyüşsüz Kabilə girib və sentyabrın 7-də müvəqqəti hökumətin tərkibini elan edib.