Orxan Nəzərli: "Vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin əsas tənzimləmə alətlərindən biri olacaq"

Orxan Nəzərli: "Vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin əsas tənzimləmə alətlərindən biri olacaq"

Ötən 5 il göstərdi ki, vergi orqanları Azərbaycanın iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bu gün Bakıda keçirilən "Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər" Forumunda deyib.

"Bu gün iqtisadiyyatımız qarşısında duran yeni çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə iqtisadi siyasətin həyata keçirilməsində əsas iqtisadi tənzimləmə alətlərindən biri olacaqdır. Ölkənin yeni strateji inkişaf dövründə, iqtisadiyyatın davamlılığının təmin edilməsi, böyüməsi və artım sürətinin yüksəlməsi üçün vergi siyasətinin çevik hədəflərə adaptasiya oluna bilən nəticəyönümlüyü artmaqdadır", - O.Nəzərli bildirib.

Onun sözlərinə görə, vergi xidməti bu gün ölkənin büdcə gəlirlərinin formalaşması, iqtisadi inkişafın təmin edilməsi, sahibkarlığın dəstəklənməsi prosesinin fəal iştirakçısıdır.

O, 2023-cü ili Dövlət Vergi Xidməti üçün uğurlu bir il adlandırdı.

O.Nəzərli bildirib ki, il ərzində Dövlət Xidmətinin üzərinə düşən fiskal öhdəliklərin icrası təmin edilib, dövlət büdcəsinə 16,1 milyard manatdan çox vergi daxilolması səfərbər edilib:

"2023-cü ildə həm iqtisadi artımın, həm də şəffaflaşma tədbirlərinin davam etməsi şəraitində nəzərdə tutulandan əlavə 1,1 milyard manat daxilolma təmin edilib. Son 5 ildə aktiv vergi ödəyiciləri və aktiv obyektlərin artımı davam edib. Vergi islahatlarının başlandığı 1 yanvar 2019-cu ildən bəri təkcə aktiv vergi ödəyicilərinin sayında 1,7 dəfə artım müşahidə olunub".