Qərbi Azərbaycan Xronikası: Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət?

Qərbi Azərbaycan Xronikası: Erməniləri lərzəyə salan Vedi hadisələri: üsyan, yoxsa müqavimət?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

"Birxeber.Az" xəbər verir ki, “Erməni təcavüzünə qarşı Şadlinskinin müqavimət hərəkatı” adlı süjetdə 1918-1920-ci illərdə özünə Qafqazda dövlət qurmaq istəyən ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Vedibasarda yerli əhali olan azərbaycanlılara qarşı soyqırımı törətməsindən, Böyük Vedi hadisələrindən bəhs edilir.

Bildirilir ki, 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi şəraitdə xalq içərisində böyük nüfuzu olan Abbasqulu bəy Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil edib.

Qeyd olunur ki, ermənilər törətdikləri cinayətləri, qətliamları qarşı tərəfin ayağına yazmaq vərdişini milli xüsusiyyətə çeviriblər və 1919-cu ildəki Vedi hadisələri buna nümunədir.

Süjetdə “Böyük Vedi əməliyyatı”nın uğursuzluğuna aydınlıq gətirilir: “1918-ci ilin payızında daşnaklar Yaycı kəndinə basqın zamanı məğlubiyyətə uğrayırlar. Bundan qəzəblənən daşnaklar Əmovu kəndinə hücum edir, qadınlara, qocalara və uşaqlara qanlı divan tutub qılıncdan keçirir, 200-dən çox adamı öldürüb quyulara atırlar. Daşnaklar basqın etdikləri kəndləri viran qoyurdular. 1918-1920-ci illərdə Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 76 kənd dağıdılıb yandırılıb. Azərbaycan kəndlərində yarım milyondan çox əhali pərən-pərən düşüb”.

Vurğulanır ki, erməni mənbələrində Böyük Vedi hadisələri ilə bağlı məlumatların yalan olduğu üzə çıxır: “Azərbaycanlılar Abbasqulu bəy Şadlınskinin komandanlığı ilə ciddi müqavimət göstərib erməniləri yerlərində oturdublar. Daşnaklar törətdikləri cinayətlərə, qətliamlara baxmayaraq Vedi əhalisini ram edə bilməyiblər. Məhz bu acığa görə bu hadisəni üsyan kimi qələmə verib, azərbaycanlıların erməni və assurlara qarşı soyqırımı etdiklərini uydururlar. Gerçək budur ki, 1918, 1919, 1920-ci illərdə Vedibasar, Dərələyəz və Naxçıvan dinc əhalisini, bütövlükdə Qərbi Azərbaycanın hər yerində soyqırımı ermənilər törədib. Bunu elə Ararat hökümətinin başçısı da etiraf edib. Daşnak hökümətinin Baş naziri Kacanzuni yazır ki, biz Ağbaba kimi maldarlıq rayonunu, Şərur kimi taxıl mənbəyini, Vedibasar kimi bağlı-bostanlı meyvəli kəndləri darmadağın etdik. Ermənilər isə öz gerçək tarixini yox, nağılları öyrənmək və təbliğ etməklə məşğuldular”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında fevralın 14-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.