Azərbaycan və İtaliyanın Gürcüstandakı səfirləri perspektiv layihələr barədə müzakirələr aparıblar

Azərbaycan və İtaliyanın Gürcüstandakı səfirləri perspektiv layihələr barədə müzakirələr aparıblar

Gürcüstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev İtaliyanın səfiri Massimiliano D’Antuono ilə görüşüb.

"Report"un yerli bürosu xəbər verir ki, F.Quliyev italıyalı həmkarına Azərbaycanla Gürcüstan arasında artan xətt üzrə inkişaf edən sıx iqtisadi əməkdaşlıq, Gürcüstana Azərbaycan mənşəli sərmayələrin qoyulması, yerinə yetirilmiş və perspektiv nəhəng layihələr barədə təsviredici məlumat təqdim edib. Qeyd olunub ki, həmin iqtisadi əməkdaşlıq Cənubi Qafqaz bölgəsində həlledici və bütövlükdə Avropa məkanının enerji təchizatında mühüm rol oynayır.

Səfir 2020-ci il Zəfərinin və 2023-cü il lokal antiterror tədbirlərinin tarixi əhəmiyyətini vurğulayaraq hal-hazırda Azərbaycanın nümayiş etdirdiyi qətiyyətli və konstruktiv yanaşma barədə danışıb. Bu kontekstdə Ermənistan və ondan alət kimi istifadə etməyə çalışan bəzi xarici qüvvələrin apardığı qərəzli kampaniyaya diqqət yetirilib, belə yanaşmanın qəbulolunmazlığı və regionda barış prosesinə xələl gətirdiyi izah edilib. Həmçinin, Azərbaycan ərazilərinin minalanması faktlarına və humanitar gündəliyin məsələlərinə dair dolğun bilgilər çatdırılıb.

Massimiliano D’Antuono Azərbaycan və bölgə reallıqları ilə bilavasitə daha yaxından tanış olmaq niyyətində olduğunu qeyd edib. O təmsil etdiyi ölkənin Azərbaycanla mühüm tərəfdaşlıq əlaqələrini inkişaf etdirdiyini yada salıb. İtalıyalı diplomat Azərbaycan xalqının iradəsini əks etdirən növbədənkənar Prezident seçkilərinin uğurla keçirildiyini vurğulayıb.