Ələt Azad İqtisadi Zonasının yol xəritəsinin hazırlanmasına dair müzakirələr aparılıb

Ələt Azad İqtisadi Zonasının yol xəritəsinin hazırlanmasına dair müzakirələr aparılıb

Ələt Azad İqtisadi Zonası ilə bağlı yaradılmış İşçi Qrupun birinci iclası keçirilib.

Birxeber.Az-Economics” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən, İşçi Qrupun rəhbəri Mikayıl Cabbarov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Məlumata görə, tədbirdə ölkəmizdə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar, əlverişli işgüzar mühit və investisiya cəlb edilməsi tədbirləri barədə məlumat verilib. Ölkəmizin artan tranzit-logistika imkanları vurğulanıb, bu kontekstdə Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, həmin sərmayədarların Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində iqtisadi inkişafa töhfə vermək, həmçinin yeni iş yerləri yaratmaq əsas hədəflərdəndir.

Qeyd edilib ki, Ələt Azad İqtisadi Zonasında mövcud əlverişli şərait, təklif olunan güzəştlər investorların İqtisadi Zonaya marağını artırır. İqtisadi Zona Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq–Qərb, Şimal–Cənub və Orta Dəhliz beynəlxalq nəqliyyat dəhlizlərində mühüm rolu olan ölkəmizin strateji əhəmiyyəti artacaq.

İclasda Ələt Azad İqtisadi Zonasının inkişaf perspektivlərinə və İşçi Qrupun fəaliyyətinə dair yol xəritəsinin hazırlanmasına dair müzakirələr aparılıb.