Sarkozi bir illik həbs cəzasına məhkum edilib

Sarkozi bir illik həbs cəzasına məhkum edilib

Fransanın keçmiş prezidenti Nikola Sarkozi bir il həbs cəzasına məhkum edilib.

Birxeber.Az "Reuters"ə istinadən xəbər verir ki, bir illik həbsin 6 ayı şərtidir və o, həbsxanaya getmədən elektron qolbaq taxmaq kimi alternativ üsullarla cəzalandırılacaq.

Sarkozi ilk dəfə 2021-ci ildə təqsirli bilinərək bir il həbs cəzasına məhkum edilmişdi, lakin sabiq prezident apellyasiya şikayəti verdiyinə görə qərar təxirə salınmışdı.

2007-2012-ci illərdə prezident olan Sarkozi seçki kampaniyasının maliyyəsi ilə əlaqədar müxtəlif hüquqi məsələlərlə bağlı çoxsaylı məhkəmə araşdırmalarına və təhqiqatlara baxmayaraq, mühafizəkarlar arasında nüfuzlu fiqurdur və prezident Emmanuel Makronla dost münasibətdədir.

Dinləmə zamanı Nikola Sarkozi günahı öz kampaniya komandasının bəzi üzvlərinin üzərinə atıb: "Mən heç bir təchizatçı seçməmişəm, heç bir hesab-fakturaya imza atmamışam", o, məhkəmədə deyib.

O, partiyası "Les Republicains"in seçki kampaniyasının əsl dəyərini gizlətmək üçün "Bygmalion" adlı ictimaiyyətlə əlaqələr firması ilə işləməsi ilə bağlı ittihamları rədd edib.

Qeyd edək ki, Fransa qanunvericiliyi seçki kampaniyası xərclərinə ciddi məhdudiyyətlər qoyur. Prokurorlar iddia edirlər ki, firma seçki kampaniyasından çox partiyaya faktura verib. Onlar Sarkozinin 2012-ci il seçki kampaniyasına 42,8 milyon avro xərclədiyini bildirirlər ki, bu da icazə verilən məbləğdən demək olar ki, iki dəfə çoxdur.