Ölkəyə qaçaqmalçılıq yolu ilə 26 kq narkotik gətirən şəxslər saxlanılıblar - VİDEO

Ölkəyə qaçaqmalçılıq yolu ilə 26 kq narkotik gətirən şəxslər saxlanılıblar - VİDEO

Ölkəyə qaçaqmalçılıq yolu ilə 26 kiloqram narkotik vasitə gətirən şəxslər saxlanılıblar.

Birxeber.Az DİN-ə istinadən xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıblar. Bu şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 kiloqram, o cümlədən 4 kiloqram heroin, 18 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 2 kiloqram tiryək və 2 kiloqram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Qaradağ rayonu ərazisində yol kənarında gizlədilən yerdən paytaxta ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.