Ölkədə ət istehsalı artıb

Ölkədə ət istehsalı artıb

2024-cü ilin yanvar ayında quş əti də daxil olmaqla diri çəkidə 46,3 min ton ət, 160,7 min ton süd, 188,3 milyon ədəd yumurta istehsal edilib. 2023-cü ilin müvafiq ayına nisbətən ət istehsalı 1,5 faiz, yumurta istehsalı 3,4 faiz artıb, süd istehsalı isə eyni səviyyədə qalıb.

Birxeber.Az-Economics”in xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında qeyd olunub. DSK-nın məlumatında qeyd olunur ki, 2024-cü il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 24,1 min baş iribuynuzlu mal-qara, 15,8 min baş qoyun və keçi mövcud olub: “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə ötən il 7,0 min baş iribuynuzlu mal-qara, 5,4 min baş qoyun və keçi satıblar. 2023-cü ildə 194,4 min baş inək və düyələr elit törədicilərin toxumları ilə mayalandırılmışdır. 2023-cü ildə ölkədə ümumi sahəsi 1,6 min hektar olan 3228 vahid istixana fəaliyyət göstərib və həmin istixanalarda 268,9 min ton pomidor, 10,4 min ton xiyar, 590,6 ton göbələk, 33,0 ton baş soğan, 22,8 ton kələm, 21,9 ton lobya, 13,2 ton bibər, 7,8 ton badımcan, 2,9 ton sarımsaq və 193,6 ton çiyələk istehsal olunub”.

“Ölkənin digər rayonlarına nisbətən Abşeron, Xəzər, Şəmkir, Salyan, Sabunçu, Binəqədi, Samux, Tovuz, Kürdəmir və Sabirabad rayonlarının istixana təsərrüfatlarında daha çox məhsul yetişdirilib. Yanvar ayında respublikada örtülü torpaq sahələrindən 20,5 min ton tərəvəz toplanıb”, - deyə məlumatda qeyd olunub.

Bundan başqa, DSK-nın məlumatında qeyd olunub ki, 2024-cü ilin yanvar ayı üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 491,2 milyon manat təşkil edib: “Bunun 468,5 milyon manatı heyvandarlıq, 22,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb. əvvəlki ilin müvafiq ayı ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,2 faiz, bitkiçilik məhsulları üzrə 0,8 faiz artıb”.