“Şahdəniz” qazının ixracı cüzi azalıb

“Şahdəniz” qazının ixracı cüzi azalıb

Cari ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 871,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 7,3% azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "Birxeber.Az-Economics"ə verilən məlumata görə, qaz nəqlinin 48,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 1 878,7 mln. kubmetr qaz ötürülüb (0,86%-lik azalma).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub.

Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).