Ucuz turlar vəd edərək 300 minlik dələduzluğa görə tutulan qadının məhkəməsi başlayır

Ucuz turlar vəd edərək 300 minlik dələduzluğa görə tutulan qadının məhkəməsi başlayır

Xarici ölkələrə aşağı qiymətə aviabilet və tur paketlər təşkil edəcəyi adı altında vətəndaşları aldatmaqda ittiham olunan Mələk Zeynalovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Aytən Əliyevanın icraatına verilib.

Araşdırmalarla müəyyən edilib ki, Mələk Zeynalova “WhatsApp”da xüsusi qrup yaradıb və orada özünü aviaşirkətlərdən birinin əməkdaşı kimi təqdim edib. Daha sonra o, vətəndaşları xarici ölkələrə aviabilet və aviaturlar təşkil edəcəyi adı ilə aldadaraq zərərçəkənlərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib. İttihama görə, ilkin mərhələdə Mələk Zeynalova aviabilet və tur-paket almaq istəyən şəxslərə dəyərindən ucuz qiymətə bilet təşkil edərək onlarda inam yaradıb. Sonradan isə etibar edən şəxslər ödəniş sistemləri vasitəsi ilə ona müxtəlif məbləğlərdə pul vəsaiti göndəriblər. O, ələ keçirdiyi pul vəsaitərini ödəniş sistemləri vasitəsi ilə nağdlaşdıraraq şəxsi tələbatlarına xərcləyib. Bununla da Mələk Zeynalova zərərçəkən şəxslərə ümumilikdə 300 min manat məbləğində maddi vurub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə cinayət işi başlanılıb, onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.