Kreml Putinin Ukraynadakı münaqişənin dondurulmasını təklif etmədiyini bildirib

Kreml Putinin Ukraynadakı münaqişənin dondurulmasını təklif etmədiyini bildirib

Kreml Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı münaqişənin dondurulmasını təklif etməsi xəbərini təkzib edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov "Reuters" agentliyinin "Vaşinqton Moskvanın Ukraynadakı münaqişənin dondurulması təklifini nəzərdən keçirməkdən imtina edib", məlumatını yalan adlandırıb.

Qeyd edək ki, "Reuters" müzakirələrdən xəbərdar olan üç rusiyalı mənbəyinə istinadən "ABŞ vasitəçilərlə təmaslardan sonra Rusiyanın münaqişəni dondurmaq üçün Ukraynada atəşkəs haqqında təklifini rədd edib", - xəbərini yayıb.

Agentliyin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin hazırkı təmas xəttində münaqişənin dondurulmasını təklif edib və Rusiya Federasiyasının nəzarəti altına aldığı ərazilərin heç birini vermək istəməyib.

2023-cü ilin sonu və 2024-cü ilin əvvəlində müzakirələrlə tanış olan yüksək rütbəli Rusiya rəsmisi “Reuters” agentliyinə deyib ki, “amerikalılarla təmaslar heç bir nəticə verməyib”.