Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 3 %-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1 %, qeyri-ərzaq malları üzrə 5 % artıb.

Bu ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 %-i ərzaq məhsullarının, 5 %-i içkilər və tütün məmulatlarının, 14,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat ayında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni ayı ilə müqayisədə real ifadədə 3,5 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,8 %-ni təşkil edib. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 2,6 %, fərdi sahibkarlar üzrə 4,2 %, bazar və yarmarkalarda 2,7 % artıb.

Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 441,3 manatlıq, o cümlədən 242,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199 manatlıq qeyri-ərzaq malları alıb.