AMB bankların dollara tələbinin kəskin artmasının səbəbini açıqlayıb

AMB bankların dollara tələbinin kəskin artmasının səbəbini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı fevralın 13-də keçirilən valyuta hərracında əvvəlki hərraclarla müqayisədə tələbin kəskin artaraq 150 milyon manatı ötməsinin səbəbini açıqlayıb.

AMB-dən "Birxeber.Az-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır.

Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır.

"Məlumat üçün qeyd edək ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyib. Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir" - Mərkəzi Bankın açıqlamasında əlavə edilib.