Gürcüstanda əcnəbi turistləri talayan qruplaşmanın üzvləri saxlanılıb

Gürcüstanda əcnəbi turistləri talayan qruplaşmanın üzvləri saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları əcnəbi turistləri dolandırmaqda şübhəli mütəşəkkil qruplaşmanın dörd üzvünü saxlayıb.

Birxeber.Az-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.

Qeyd olunub ki, Tbilisidəki restoranlardan birinin meneceri öz əməkdaşları ilə əlbir olaraq dələduzluq sxemi hazırlayıb və xarici turistləri talamaqla məşğul olub. Sxemə əsasən, restoranın qadın əməkdaşları Gürcüstanda olan əcnəbi turistlərlə tanış olaraq onları restorana dəvət ediblər. Burada cinayətkar qrupun üzvləri sifariş edilmiş xidmətlərə görə zərərçəkənlərdən qeyri-mütənasib külli miqdarda pul tələb ediblər. Zərərçəkmiş şəxslər məbləği ödəmədikdə isə onlara psixoloji təzyiq edilib.

Faktla əlaqədar mütəşəkkil dəstə tərəfindən dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Dələduzluqda şübhəli bilinən qruplaşmanın 1999, 1997, 1993 və 1973-cü il təvəllüdlü dörd üzvü saxlanılıb.