AŞ PA-nın qərəzi – təşkilatdan daim Azərbaycana qarşı istifadə edilib - ŞƏRH

AŞ PA-nın qərəzi – təşkilatdan daim Azərbaycana qarşı istifadə edilib - ŞƏRH

Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycana qarşı total hücumlar səngimir. Erməni lobbisinin ciddi təsiri altında olan, anti-Azərbaycan bəyanatları ilə çıxış edən Avropa Parlamentinin ardınca Avropa Şurası Parlament Assambleyası (AŞ PA) da qərəzli, ikili standartlarla yanaşır. Belə ki, bu qurum bədxahcasına Azərbaycanın səsini dondurmaq təşəbbüsü ilə çıxış edib. Səbəb də bəllidir. Hər vəchlə müstəqil xarici siyasət yürüdən dövlətlər hədəfə alınır. 30 il Azərbaycan torpaqlarının işğalına göz yuman, heç bir sülh təşəbbüsü ilə çıxış etməyən AŞ PA-nın bu mövqeyi qərəzin pik həddi hesab oluna bilər.

Əvvəla, qeyd edək ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr qurumdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Həm AŞ PA, eləcə də, Avropa Parlamenti islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsidir. Faktlar da bunu təsdiq edir.

Birincisi, qəbul etməyə hazırlaşdıqları qərarın insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Bu, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdi kimi qiymətləndirilə bilər.

İkincisi, Azərbaycan üçün nəinki AŞ PA-da səsinin dondurulması, bu qurumun özü belə heç bir əhəmiyyət kəsb etmir. Ölkəmiz ərazi bütövlüyünü təmin edib, Avropanın enerji təchizatında əsas tərəfdaş dövlətlərdən birinə çevrilib. Ən əsası isə həmişə balanslı siyasəti ilə seçilib.

Üçüncüsü, Azərbaycan uzun illər əvvəl beynəlxalq təşkilatlara, o cümlədən AŞ PA-ya üzv olanda ümid edirdi ki, bu qurumlar onun üzləşdiyi problemləri həll etməkdə yardımçı olacaq. Lakin bu, baş vermədi. Əksinə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görülmədi, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətləndilər. AŞ PA bu illər ərzində qurumun bir üzvü, işğalı həyata keçirən Ermənistanın digər üzv dövlət - Azərbaycan ərazisinin 20 faizinin işğal altında saxlaması faktına göz yumdu. Bir dəfə də olsun AŞ PA daxilində işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqqında belə düşünmədi. İndi beynəlxalq ədaləti müstəqil şəkildə bərpa edən Azərbaycanla bağlı məsələni gündəmə gətirir.

Dördüncüsü, artıq hər kəs, hətta Ermənistan da etiraf etməyə başlayıb ki, Qarabağ problemi həll olunub. Belə olan halda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasının çıxaracağı hansısa qərar kağız parçasından başqa bir şey olmayacaq. Yəni, Azərbaycanın qərəzli və ikili mövqedən çıxış edən təşkilata ehtiyacı yoxdur. Əksinə, Avropanın Azərbaycana ehtiyacı var.

Beşincisi, AŞ PA bu qərarı qəbul edəcəyi təqdirdə Azərbaycan nümayəndə heyəti bu qurumda fəaliyyətini dayandıracaq ki, bu da elə onun özünə zərbədir.

Altıncısı, bütün bunların arxasında erməni lobbisinin xüsusi rolu var. Qarşıdan Avropa Parlamentinə seçkilər gəlir. Bu səbəbdən də erməni diasporunun maliyyə və elektoratı seçkilərdə rol oynaya bilər. Bu tip bəyanat və qərarların qəbulu da gözləniləndir.

Ən acınacaqlı hal isə odur ki, qatı ermənipərəst mövqe nümayiş etdirən Fransaya Almaniyanın qoşulması, tandem şəklində çıxış etmələridir. Məsələn, almaniyalı deputat Frank Şvabe da bu çirkin təşəbbüsün önündə gedir. Fransa Emmanuel Makronun timsalında xarici və daxili siyasətdə ciddi uğursuzluqlara imza atıb. Almaniya da görünür, qonşusunu xilas etmə kampaniyasına qoşulub.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, əvvəlki təşəbbüslər kimi, bu çirkin və qərəzli kampaniya da nəticəsiz qalacaq. Suverenliyini və ərazi bütövlüyünü bərpa edən ölkəmizə qarşı total kampaniya nəticəsiz başa çatacaq.