“Qarabağ”ın legioneri: “Moutinyu ilə qarşılaşmaq üçün həyəcanlanıram”

“Qarabağ”ın legioneri: “Moutinyu ilə qarşılaşmaq üçün həyəcanlanıram”

“Moutinyu ilə qarşılaşmaq üçün həyəcanlanıram”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Leandro Andrade “abola.pt” saytına açıqlamasında UEFA Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcəkləri Portuqaliyanın “Braqa” klubunun yarımmüdafiəçisi Joau Moutinyu barədə danışarkən deyib.

24 yaşlı oyunçu rəqibin ən təcrübəli siması barədə müsbət fikirlər səsləndirib: “Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joau Moutinyudur. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarviodanıq. Moutinyunun atası mənim atamın məşqçisi olub. Joauya xüsusi məhəbbətim var və onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən evdə oynayacağım üçün çox həyəcanlıyam”.

Portuqaliyaəsilli Andrade “Braqa”ya rəqib olduqları üçün sevindiyini gizlətməyib: “Portuqaliyada oynamış həmkarlarım “Braqa” və ya “Benfika” ilə üzləşməyimizi istəyirdilər. Çünki bunlar əla komandalardır. Həmin oyunçular da ölkəmizi sevirlər. Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağı arzulayırdım. Ailəmlə danışmışam, onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Belə hal tez-tez yaşanmır”.

Kabo-Verde yığmasının üzvü mərhələ adlayacaqlarına inandığını vurğulayıb: “Mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Hər şeyini ortaya qoyacaq və hər iki matçda qələbə üçün mübarizə aparacaq “Qarabağ”a söz verə bilərik. Rəqibi təhlil edir, haqqında məlumat öyrənirik. Onların üstün cəhətlərindən xəbərdarıq”.

Leandro Andrade qış fasiləsində Türkiyənin “Qalatasaray”, Çinin “Şanxay Şenxua” və Rusiya klublarından təkliflər aldığını etiraf edib: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasında cavab görüşü fevralın 22-də baş tutacaq.