Prezident İlham Əliyev and içib - YENİLƏNİB

Prezident İlham Əliyev and içib - YENİLƏNİB

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilir.

Birxeber.Az xəbər verir ki, mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının Dövlət Bayrağını və Azərbaycan Respublikası Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək dedi:

- Hörmətli xanımlar və cənablar.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2024-cü il 13 fevral tarixli qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

- Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Sonra Prezident müqəddəs “Qurani-Şərif”ə əl basaraq and içdi:

- Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycan Respublikasının Dövlət Bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.

***

11:04

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəlmiş İlham Əliyevin andiçmə mərasimi başlayıb.

Birxeber.Az xəbər verir ki, mərasim Milli Məclisdə keçirilir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini fevralın 13-də təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, İlham Əliyev 92.12 faiz səslə prezident seçkilərində qalib gəlib.