Deputat: “Vətənpərvərliyi gücləndirən amillərdən biri idman uğurlarımızdır”
“Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirib, böyük qələbə ilə Vətənə qayıdıblar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar”.
Bunu Birxeber-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.
Deputat deyib ki, aprelin 8-də Prezident İlham Əliyev Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşüb: “Dövlət başçısı idmançılarımızın əldə etdiyi uğuru yüksək qiymətləndirdi. Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Avropa çempionatında medalların birini qadın idmançımız, qalanlarını isə sərbəst güləş və yunan-Roma güləşi üzrə komandalarımız qazanıb. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olublar”.
M. İbrahimqızı vurğulayıb ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmançılarımız da yarışa çıxanda unutmamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər: “Həm gənclər, həm böyüklər arasında Avropada birinci yeri tutmaq böyük nailiyyətdir. Bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir. Əldə olunan uğurlar ölkəmizin və idmanımızın beynəlxalq nüfuzunu artırır. Vətənpərvərliyi gücləndirən amillərdən biri tarixi-hərbi Zəfərimizdir və idman uğurlarımızdır. Gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Dövlət başçısının qeyd etdiyi kimi, məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır”.
Deputat nəzərə çatdırıb ki, iki ildən sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək: “Gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Azərbaycan Prezidenti görüşdə qeyd etdi ki, vaxt az qalıb və nəinki güləş, eyni zamanda, bütün idman növlərində lisenziya qazanacaq idmançılar bu əsas yarışa indidən hazırlaşmalı, düzgün təlim-məşq toplanışları müəyyən edilməlidir. Növbəti Olimpiya Oyunlarında Azərbaycan çox uğurla çıxış edə bilər”.
M. İbrahimqızının sözlərinə görə, gələcək yarışların nəticələrinə baxmayaraq, əsas odur ki, bu günə qədər olduğu kimi bu gündən sonra da idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər: "Dövlət başçısı görüşdə rəqib cığallıq, nalayiq hərəkət edəndə bizim idmançılarımızın öz gücü ilə qaydalar çərçivəsində rəqibi yerinə oturda bildiklərini xatırlatdı. Bu, Azərbaycan xalqının həm də mənəvi gücünü göstərir. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanında məğlub olarkən, qaçarkən, 10 min fərari verərkən ən çirkin əməllərə əl atmışdı. Erməni ordusu dinc insanlara qarşı terror əməllərinə əl atmış, dinc şəhərlərimiz gecə vaxtı ballistik raketlərlə atəşə tutulmuş, arasında uşaq, qadın, yaşlı insanların olduğu 100-dən çox dinc insan bu namərd atəş nəticəsində həlak olmuşdu. Lakin Azərbaycan əsgəri düşmənə döyüş meydanında cavab vermişdi. Ədalət, eyni zamanda, mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, qələbədən daha vacib ləyaqətdir. İdman yarışlarında feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir. Halal qələbəni idmançılarımız öz istedadı, zəhməti hesabına qazanıb”.