Azərbaycanın səfiri Keniyanın Baş prokuroru ilə görüşüb

Azərbaycanın səfiri Keniyanın Baş prokuroru ilə görüşüb

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Baş prokuroru Renson Mulele İngonga ilə görüşüb.

Səfirlikdən "Report"a verilən məlumata görə, Baş prokuror keçən il Azərbaycanın Keniyada səfirliyinin fəaliyyətinə başlamasını yüksək qiymətləndirərək diplomata fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanın uğurlu inkişaf istiqamətlərindən məlumatlı olduğunu qeyd edən Baş prokuror qarşılıqlı hüquqi yardım, korrupsiya və terrorizmlə mübarizədə təcrübə mübadiləsi və prokurorluq əməkdaşlarının birgə təlimlərə cəlb edilməsi üzrə işbirliyinin hər iki tərəf üçün faydalı ola biləcəyini qeyd edib.

S.Hacıyev, öz növbəsində, diqqətə çatdırıb ki, cari ildə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd olunması dinamik inkişaf edən əlaqələrin daha da möhkəmlənməsi üçün münbit zəmin yaradır. Azərbaycanın dövlətçilik tarixi, müstəqillik dövründə qazandığı nailiyyətlər, 2020-ci ildə Zəfər nəticəsində ərazi bütövlüyünün bərpa olunması haqqında məlumat verib. Qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə ərazilərdə bərpa, yenidənqurma və minatəmizləmə üzrə genişmiqyaslı işlər aparmaqdadır.

Səfir Azərbaycanda növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və nəticələri barədə də məlumat verib. Bildirilib ki, Azərbaycan 2024-cü ildə COP29-a, 2026-cı ildə isə WUF13-ə evsahibliyi edəcək.