Meksika mətbuatı Azərbaycanda keçirilən seçkiləri nümunəvi adlandırıb

Meksika mətbuatı Azərbaycanda keçirilən seçkiləri nümunəvi adlandırıb

Azərbaycanda 7 fevral 2024-cü il tarixində keçirilmiş növbədənkənar prezident seçkilərində müşahidəçi statusunda iştirak etmək məqsədilə ölkəmizə səfər etmiş Meksikanın tanınmış ingilisdilli mətbu orqanı “Pulse News Mexico” qəzetinin baş redaktoru Teresa Marqolisin müəllifliyi ilə seçkilərə dair “Azərbaycan: Demokratik təcrübələrin ictimai dərsi” (Azerbaijan: A public lesson in democratic practices) başlıqlı geniş məqalə dərc olunub.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı Səfirliyi məlumat yayıb.

Məqalədə ilk öncə Prezident İlham Əliyevin tam qələbəsindən bəhs edən müəllif bu ilki seçkilərin xüsusi əhəmiyyət kəsb etdiyini, 30 illik işğaldan sonra ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə etdiyini diqqətə çatdırıb.

Milli suverenlik və ərazi bütövlüyü məsələsinin hər bir azərbaycanlı üçün mühüm məsələ olduğunu qeyd edən T. Marqolis İkinci Qarabağ müharibəsində tarixi zəfərdən sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Prezident İlham Əliyevin Azərbaycan xalqı tərəfindən milli qəhrəman kimi alqışlarla qarşılandığını vurğulayıb.

Məqalədə müəllif, həmçinin ölkəmizdə keçirilmiş səsvermənin açıq və şəffaflığından söz açaraq onu dünyanın ən şəffaf seçkilərindən biri kimi qiymətləndirib. Bu xüsusda, T. Marqolis ölkə üzrə bütün seçki məntəqələrinin müvafiq prosedurlara uyğun təşkil edildiyini, sözügedən məntəqələrdə dünyanın 72 ölkəsindən və beynəlxalq qurumunundan 790-dan çox rəsmi beynəlxalq müşahidəçinin, habelə 90 mindən çox Azərbaycanlı müşahidəçinin, o cümlədən 83 -ə yaxın QHT, milli və beynəlxalq insan hüquqları üzrə nəzarət qruplarının nümayəndələrinin nəzarət prosesində fəal iştirak etdiyini, prosesə nərazət üçün onlara geniş imkanlar yaradıldığını vurğulayıb.

Habelə, məqaləsində T. Marqolis prezidentliyə qeydə alınan namizədlərə yaradılan imkanlarla da bağlı fikirlərini bölüşüb.

Ölkəmizdə keçirilən demokratik seçkilərin digər amillərindən biri kimi ölkəmizin iqtisadi potensialından söz açan müəllif prezident İlham Əliyevin, habelə Ümummilli Lider Heydər Əliyevin qurduğu strateji iqtisadi proqramlar sayəsində bu gün ölkəmizin regional iqtisadi gücə çevrildiyini bildirib.

Sonda məqalədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevə istinadən seçkilərin bütün Azərbaycan ərazilərini əhatə edən tarixi seçkilər olduğu, simvolik olaraq Ermənistanla münaqişənin sona çatmasına işarə etdiyi, sülh sazişinin imzalanmasına yeni qapılar açdığı, Cənubi Qafqazda hazırki çətin geosiyasi vəziyyətdə Azərbaycanın siyasi sabitliyini bir daha təsdiq etdiyi bildirilib.