Mətbuat katiblərinin hansı halda Media Reyestrinə salınacağına aydınlıq gətirilib
“Media Reyestrinə jurnalistlərin müraciət etməsi üçün tələb onun əmək və ya mülki müqaviləsinin olmasıdır”.
Birxeber xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova deyib.
O bildirib ki, dövlət qurumlarında mətbuat xidmətlərində çalışan şəxslərin də jurnalist kimi hansısa media subyekti ilə əmək və ya mülki müqaviləsi varsa, Reyestrə daxil ola bilər: “Eyni zamanda həmin şəxslər digər tələblərə də cavab verməlidir”.
Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli qeyd edib ki, onlayn media subyektlərinin Media Reyestrinə müraciət etməsi üçün bir sıra tələblər var:
“Bunlardan biri ay ərzində 20 öz materialını dərc etməsi tələbidir. Bu və digər tələblərə cavab verən saytlar Reyestrə müraciət edə bilər”.
MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva isə əlavə edib ki, jurnalistin Media Reyestrinə müraciəti üçün əsas şərt ali təhsil və onun jurnalistika sahəsində 3 illik təcrübəsinin olmasıdır:
“Digər tərəfdən jurnalistin işlədiyi media subyektinin davamlı fəaliyyət göstərməsi onun vəsiqə alması üçün əsas şərtdir”.