Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib

Pakistanın iki aparıcı partiyası koalisiya hökuməti qurmaq barədə razılığa gəlib

Nəvaz Şərifin rəhbərlik etdiyi Pakistan Müsəlman Liqası və keçmiş xarici işlər naziri Bilaval Bhutto-Zərdari və keçmiş prezident Asif Əli Zərdarinin liderlik etdiyi Pakistan Xalq Partiyası koalisiya hökuməti yaratmaq qərarına gəliblər.

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

“Biz ölkəni böhrandan çıxarmaq üçün koalisiya hökuməti qurmaq qərarına gəldik”, - deyə Asif Əli Zərdari deyib.

Qeyd edək ki, fevralın 8-də Pakistan parlamentinin Milli Məclisinə (Aşağı Palataya) seçkilər keçirilib.

“Pakistan Ədalət Hərəkatı” 264 yerlik parlamentdə 92 yer qazanıb. Lakin heç bir partiya hökuməti qurmaq üçün lazım olan 135 yerə sahib ola bilməyib. Şərifin partiyası isə seçkidə 79 yer qazanaraq ikinci olub.

Seçkilər çətin regional vəziyyət, o cümlədən ölkələrin sərhədləri boyunca gərginlik fonunda baş tutub. Pakistanın yeni hökuməti iqtisadi böhranın öhdəsindən gəlməli, qeyri-qanuni miqrasiya və kütləvi iğtişaşların qarşısını almalıdır. Ölkə əhalisi yüksək inflyasiya, yoxsulluq səviyyəsinin yüksəlməsi, qaz və elektrik enerjisinin verilişində fasilələrlə üzləşib.