Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 23 % artıb

Azərbaycanın dövlət büdcəsinin əsaslı xərcləri 23 % artıb

2023-cü ildə Azərbaycanın dövlət büdcəsi xərclərinin 19 milyard 833,8 milyon manatı və yaxud 54,4 %-i cari xərclərə (2022-ci illə müqayisədə 2 milyard 94,8 milyon manat və yaxud 11,8 % çox), 15 milyard 442,2 milyon manatı və yaxud 42,4 %-i əsaslı xərclərə (2 milyard 908,6 milyon manat və yaxud 23,2 % çox), 1 milyard 182,5 milyon manatı və yaxud 3,2 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (609,5 milyon manat və yaxud 34 % az) yönəldilib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə büdcə xərclərinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 3,2 faiz bəndi artıb, cari xərclərin xüsusi çəkisi 0,9 faiz bəndi, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 2,4 faiz bəndi azalıb.

Ötən il xərclərin funksional təsnifatına uyğun olaraq iqtisadi fəaliyyətə əvvəlki ilə nisbətən 2 milyard 324,9 milyon manat və yaxud 33,4 % (əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası və dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri təşkil edir), müdafiə və milli təhlükəsizliyə 993,2 milyon manat və yaxud 20,3 %, sosial müdafiə və sosial təminata 817,1 milyon manat və yaxud 23,6 %, təhsilə 428,3 milyon manat və yaxud 11,6 %, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 304,6 milyon manat və yaxud 12,9 %, səhiyyəyə 304,2 milyon manat və yaxud 21,5 %, ətraf mühitin mühafizəsinə 77 milyon manat və yaxud 27,3 %, mənzil və kommunal təsərrüfatına 65,2 milyon manat və yaxud 24,4 %, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətə 58,8 milyon manat və yaxud 14,5 %, kənd təsərrüfatına 27,5 milyon manat və yaxud 3 % çox vəsait yönəldilib.