Azərbaycan BMT Baş Assambleyasının İKT ilə bağlı sessiyasında təmsil olunub

Azərbaycan BMT Baş Assambleyasının İKT ilə bağlı sessiyasında təmsil olunub

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşları Elgin Abdullayev və Vüsalə Məmmədova ABŞ-ın Nyu-York şəhərində keçirilmiş BMT Baş Assambleyasının informasiya və kommunikasiya texnologiyalarının (İKT) cinayət məqsədli istifadəsi ilə mübarizə üzrə beynəlxalq konvensiyası üzrə yekun sessiyasında iştirak edib.

"Report" bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, konvensiyanın müzakirəsi razılaşdırılmayan bəndlər üzrə aparılıb, yenidən verilən təkliflərə baxılıb, sənədin məzmununda müəyyən dəyişikliklər edilib.

Konvensiya kriminallaşdırma, prosessual tədbirlər və qanunun tətbiqi, sübutların toplanılması, əldə edilməsi, mühafizəsinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq, qarşılıqlı texniki yardım və təcrübə mübadiləsi, o cümlədən cinayətlərin qarşısının alınması, aşkarlanması, təhqiqatı və istintaqı, cinayətlərin analizi üzrə təlimlərin və texniki dəstəyin təşkil edilməsi, profilaktik tədbirlər ilə bağlı müddəaları özündə ehtiva edir.

Azərbaycan nümayəndələri sessiyalarda iştirak zamanı ölkəmizin ratifikasiya etdiyi 23 noyabr 2001-ci il tarixli “Kibercinayətkarlıq haqqında Konvensiya”nın və daxili qanunvericiliyin tələblərinə zidd müddəaların qəbul edilməməsi, o cümlədən Konvensiyada nəzərdə tutulan müddəaların təsdiq edildikdən sonra icrasının hüquqi və texniki baxımdan mümkünlüyünə xüsusi diqqət yetirib. E.Abdullayev müvafiq bəndlər üzrə təkliflərlə çıxış edib və təklifləri Baş Assambleyanın “Ad Hoc” Komitəsi nəzərə alıb.