Əjdaha kimi oğulları udan Qırmızı Bazar, şeytan yuvası Stepanakertdən Xankəndiyə çevrilən şəhər - REPORTAJ

Əjdaha kimi oğulları udan Qırmızı Bazar, şeytan yuvası Stepanakertdən Xankəndiyə çevrilən şəhər - REPORTAJ

250 illik sirr: Əsgəran qalasını kim tikdirmişdi?

Malıbəyli 32 il əvvəl və sonra: Kənd sakinləri o vaxt qoruduqları torpağı bu gün qururlar

Avtomobilimiz Şuşa-Xankəndi yolundan sağa burulub Xocavənd istiqamətinə yönəlir. Yol boyu bir neçə məntəqəyə baş çəkəcəyik. Postda dayanan polisdən: “Xocavənd yolu budur, qardaş?” - deyə soruşanda “Hə” cavabı ilə təsdiqləyib əlavə eləmişdi: “Xocavəndə Zəfər yolu ilə niyə getmirsiz? Bu yol pis gündədir”. Dediyi qədər var imiş. Kələ-kötür yolla yoxuş yuxarı qalxırıq.

Şuşakənddən baxanda Şuşa daha da gözəl görünür

Şuşakəndi geridə qoyub bir qədər də gedirik ki, qarşımıza əsrarəngiz mənzərə çıxır. Şuşa! O dəqiqə avtomobilimizi saxlayıb bu gözəlliyin tamaşasına dayanırıq. Sizi əmin edirəm, çoxunuz Şuşanı bu rakursdan mənim kimi ilk dəfə görürsünüz. Həmişə Şuşadan dayanıb Şuşakəndə baxırdıq. Bu dəfə Şuşakənddən dayanıb Şuşaya baxırıq. Bu üzdən baxanda Şuşa, həqiqətən, alınmaz qalaya bənzəyir. Bu dərəni aşıb Şuşanı almaqmı olar? Qətiyyən! Cıdır düzü, Vaqifin məqbərəsi, Şuşa qalası, “Qarabağ” hoteli, Şuşa həbsxanası! Hamısı apaydın görünür!

Şuşakənddən baxanda Şuşa bir az da gözəlləşir. Üstündə dayandığı plato sanki şəhəri yerdən alıb göyün yeddinci qatına qaldırır.

Maşınımız yenidən yola düşür. Düzü, havadan baş açmıram. Şaxta var; dağlar, təpələr, düzlər qara bürünüb, hətta gün düşməyən yerlərdə yol buz bağlayıb, amma yandırıcı günəş də çıxıb. Bilmirsən, gödəkcədə gəzəsən, yoxsa pencək geyinəsən, gün eynəyi taxasan, ya taxmayasan. Təbiət bizimlə zarafatlaşır.

Qarlı-buzlu yerlərdən ehtiyatla keçərək, Dağyurd kəndini geridə qoyuruq. Bir neçə yerdə polis postlarında yoxlanılıb gəlib çıxırıq baş çəkəcəyimiz ilk yerə.

Qırmızı bazar: Qarabağ müharibəsinin strateji nöqtələrindən biri

Bilirsiniz hara? Ermənilərin alınmaz qala, istehkam saydığı, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində neçə-neçə Azərbaycan oğlunun uğrunda canından keçdiyi Qırmızı bazara.

Yadımdadır, İkinci Qarabağ müharibəsi bitən gün ordumuz bu qəsəbə uğrunda döyüşlər aparırdı. Hətta, deyilənlərə görə, kəndə girmişdik. Lakin 10 noyabr Üçtərəfli Bəyannaməsindən sonra, görünür, qəsəbədə möhkəmlənə bilməyən ordumuz təmas xəttinə geri çəkilmişdi. Müharibə bir neçə gün də uzansaydı...

Qırmız bazar Qarabağ müharibəsində strateji nöqtələrdən biri olub. Əvvəla ona görə ki, böyük məntəqədir. İkincisi isə, Qırmızı bazar Xankəndi ilə Füzulini, Xankəndi ilə Xocavəndi birləşdirən yolun üzərində yerləşir. Bura Xankəndini, eyni zamanda, Tuğ, Tağaverd, Böyük Tağlar kəndləri ilə də birləşdirir. Yəni bu qəsəbəni ələ keçirən strateji üstünlük əldə edir.

Heyf! Birinci və İkinci Qarabağ savaşlarında qəsəbə üzərində nəzarəti əlimizdə saxlaya bilməmişdik. Bu baxımdan, İkinci Qarabağ müharibəsindən sonra Xocalı, Xankəndi, Ağdərə, Əsgəran kimi Qırmızı bazar da bizim üçün fikrindən gecələr yata bilmədiyimiz vacib strateji yerlərdən biri idi. Nəhayət, 19-20 sentyabr lokal antiterror əməliyyatları nəticəsində Qırmızı bazar qəsəbəsi də digər yaşayış məntəqələrimiz kimi özümüzə qayıtdı.

Qəsəbənin adının yaranmasının maraqlı tarixçəsi var. Deyilənə görə, 1924-cü ildə burada 1 May Günü keçirilir, elə o vaxtdan da adı Qırmızı bazar kimi qalır. 1947-ci ildə isə kəndə qəsəbə statusu verilir. Qəsəbə Köndələnçayın sol sahilində yerləşir. Qırmızı bazarda bir neçə beşmərtəbəli binanı çıxmaqla tikililərin qalanları fərdi yaşayış evləridir. Bəzi tikililər dağılıb. Belə başa düşürəm, qəsəbə böyük olsa da, kifayət qədər əhali yaşamayıb. Ona görə neçə bina zamanla aşınıb. Evlərin görüntüsü isə dəbdəbəli deyil. “Qırmızı bazar hansı rənglə yadında qaldı? - soruşsalar, deyərəm pas rəngi ilə. Hər tərəfdə - evlərin damında, çəpərlərdə dominantlıq təşkil edən məhz pas rəngidir.

Bayaq dediyim kimi, Qarabağ münaqişəsi başlayandan Qırmızı bazar uğrunda qızğın döyüşlər gedib. Vətən müharibəsindəki qələbədən sonra erməni separatçıların çevrələri daraldığından Qırmızı bazarı əhatə edən dağlarda, mühüm nöqtələrdə səngərlər qazıb istehkamlar düzəldiblər. Əsas istehkam və səngərlərin bir hissəsi Böyük Tağlar, Taqaverd kəndləri istiqamətindəki dağlarda olub. Digər səngərlər isə Xankəndi-Füzuli yolunda, yəni qəsəbənin sonunda qarşımıza çıxır. Güman ki, separatçılar hücumun əsas Füzuli və Taqaverd istiqamətindən gələ biləcəyini düşündükləri üçün həmən istiqamətləri möhkəmləndiriblər.

Ermənilərin qoyub qaçdıqları istehkamlara, səngərlərə gedib yaxından baxmaq istəsək də, hələ minalardan və partlamamış hərbi sursatlardan təmizlənmədiyini öyrənirik. “Neynək” - deyib səngər və istehkamları uzaqdan lentə köçürəsi oluruq.

Amaras monastırının axtarışında

Qırmızı bazarda çəkilişlərimiz yekunlaşır və yolumuza davam edirik. Qəsəbənin sonunda yol haçalanır. Biri Füzuli-Hadrut istiqamətinə, digəri isə Xocavəndin mərkəzinə yönəlir. Məqsədimiz Amaras monastırını tapıb orada çəkiliş eləməkdir. Telefonda naviqatoru qoşmuşuq, bizi Sos kəndi istiqamətinə aparır.

Amaras monastırını axtara-axtara Sos kəndinə, sonra isə gəlib çıxırıq evləri dağ boyu yayılmış Güneyçartar kəndinə. Evlərin arasından bir bina özünün görkəmi, yan-yörəsindəki uca ağaclarla seçilir. Avtomobili yaxınına sürəndə onun kənd xəstəxanası olduğunu görürük.

Lokal antiterror əməliyyatları zamanı Azərbaycan ordusunun nəzarətinə keçən kənddə sovet dövründə kolxoz fəaliyyət göstərib, yerli əhali, əsasən, üzümçülüklə, ipəkçiliklə məşğul olub. Kənddə 3 orta məktəb varmış.

Axtarışlarımız sonda nəticə verəcək, Amaras monastırını nəhayət, tapacağıq. Monastır barədə ayrıca reportajımız olacaq. Ancaq monastırı tapmaq üçün çox vaxt sərf elədiyimizdən Xocavəndin mərkəzinə getmək planımız təəssüf ki alınmır.

***

Geri qayıdırıq. Yenidən Qırmızı bazardan keçib gedirik. Havanın üzü dönüb, ayaz var. Bu dəfə yolumuz enişədir. Hava qaralmamış Malıbəylidə, sonra da Xankəndidə çəkiliş aparmaq niyyətindəyik.

Dağyurd kəndini də geridə qoyuruq. Qalır bircə Şuşakənd. Bizi Malıbəylidə müşayiət edəcək ANAMA əməkdaşı Bərşada zəng vururam. Vədələşdiyimiz yerə bir qədər gecikdiyimizi deyirəm.

Qəza

Avtomobilimiz dağın döşündən sağa burulur. Enişdir. Yol buz. Bir sürü donuz yolun ortasında dayanıb. Avtomobili idarə edən dostumuz Şamil Paşayev təcrübəlidir, ekstremal vəziyyətdə ayıq davranmağı bacarır. Ayağını əyləcə qoymağa tələsmir, buzlu yolda əyləc sürücünün qatilidir. “Həyəcanlıyıq” yazıram, amma hər şey “həyəcanlıyıq” sözünü deyib qurtarana qədər baş verir. Ana donuz sanki təhlükə hiss edir, sürüdən ayrılıb üzü maşına dayanır. Sürüyə çırpılmaq an məsələsidir. Əyləc basılır, sürət azalır və avtomobil yoldan çıxaraq kənara doğru sürüşür. Sürüşür, dərəyə doğru. Arxa oturacaqlardan “Allah, Allah” nidaları yüksəlir. Telefondakı ANAMA əməkdaşı da səsimizi eşidir. Ona nəsə demək istəyirəm. Anlamsız sözlər çıxır ağzımdan. Şamil idarəetməni nəzarətdə saxlamağa çalışır. Beynim ildırım sürəti ilə iki şey düşünür. Biri təhlükəsizlik kəmərini taxmamağın peşmanlığıdır. Yolun lap kənarına çatanda avtomobil çəp dönür. Burnu üstə dərəyə yuvarlanasıdır. Az qalıb. “İndicə dərəyə yuvarlanacağıq”, - fikirləşirəm və yuxarıdan dərəyə baxıram: Avtomobil mən tərəf üstə yumalanacaq. Azı 50 metr. Görəsən, oradan sağ çıxa bilərəm? Və birdən avtomobilin altı yol qırağındakı qar komasına ilişərək yavaşıyıb dayanır. Özümüzü maşından atırıq.

Hamı şokda bir-birinə baxır. Dilə gətirməsək də, ölümdən dönməyimizə hamı sevinir.

Avtomobilin qabaq təkəri mən tərəfdən havada qalıb. Yarım metr də irəli getsəydi, dərənin dibindəydik. Yaxşı qurtarmışıq. Bu vaxt bayaqdan qulağımda olan telefondan səs gəlir.

“Maşınımız qəza törətdi, eşitdin də”, - Bərşada deyirəm.

“Hə, bildim, gəlirik. Hansı tərəfdir?” - o dəqiqə dillənir.

- Şuşakənd.

- Yaxşı.

Qəzanın şokunu hələ də üzərimizdən atmamışıq. Kimsə deyir ki, qəza vaxtı hamı “Allah, Allah” bağırırdı.

“Belə vəziyyətdə Allah, Allah deyərlər də”, - cavab verirəm.

Çox çəkmir, kəndin aşağısında iki maşın görünür. Maşınlar gəlib yanımızda dayanır. Gələnlərdən biri düşən kimi deyir:

“Yaxşı qurtardınız. Yuxarıdan sizə baxırdıq. Dedik, indi dərəyə düşəcəklər. Allah üzünüzə baxdı”.

Bizsə hələ hadisənin məğzini tam anlaya bilmirik. Soyuq və həyəcan qanımızı dondurub. İkinci maşındakı Şuşa şəhərinin Fövqəladə Hallar İdarəsinin rəisidir. Bu yerdə sizə bir sirr açımmı? Ötən yazıda haqqında bəhs etdiyim, kəndlərdəki itləri yemləyən adam məhz odur. Maşınını yemlə doldurub dağlarda yiyəsiz itləri gəzirmiş. Uzaqdan bizim maşının qəza törətdiyini görüb. Bu vaxt ANAMA əməkdaşları - Bərşadgil də gəlir. Haradansa kəndir tapılır. Heç bizi yaxın durmağa qoymurlar. Özləri hər şeyi təşkil edirlər. Çox keçmir, maşınımız yenə yolun ortasında hazır vəziyyətdə dayanır. Bizə köməklik göstərən hər kəsə təşəkkür edib yola düzəlirik, vaxtımız qıtdır.

Xankəndi bizi gözləyir.

Mədinəmiz Xankəndi

Şuşanı Məkkəyə bənzətsək, Xankəndi Mədinəmizdir.

Şuşanın kiçik qardaşı.

Xankəndi!

Şuşa alınandan həyəcanla müjdəsini gözlədiyimiz şəhər!

Azad olunmuş şəhərlərimiz cərgəsində adını gəzdiyimiz yurd!

Vətən müharibəsindən sonrakı üç il ərzində dilə gətirməsək də, intizarını ziyadəsiylə çəkdiyimiz Vətən parçası: Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Şuşaya gələndə barmağını Xankəndiyə tuşlayıb: “Hotel ordamı?” - deyə soruşanda: “Orada da olacaq” - cavabını verən Prezident İlham Əliyevdən tutmuş, Azərbaycanın ən adi insanına qədər hamının azad olunacağı günü gözlədiyi doğma diyar.

Şuşaya gedəndə Cıdır düzünə həm də onu görmək üçün çıxdığımız qəriblikdə qalanımız!

Xankəndi!

Düz iki il on ay on gün yolunu gözlədik.

Düz iki il on ay on gün sənə doğru gəldik.

Düz iki il on ay on gün yolumuzdakı bütün əngəlləri aşdıq: aksiya-aksiya, post-post, əməliyyat-əməliyyat.

...aksiya-aksiya, post-post, əməliyyat-əməliyyat...

Aksiya-aksiya, post-post, əməliyyat-əməliyyat sənə doğru dartındıq!

Nəhayət, ayrılıq bitəndə 10 illik sərgüzəştlərdən İtakasına qayıdan Odissey təki tanıdıq səni!

Dəyişmiş qiyafənə baxmayaraq!

Yorğun gözlərinə rəğmən!

***

Və indi axşamçağının həzin məstliyi ilə küçələrini gəzirəm Xankəndinin. Divarlarından asılmış hərflər nə qədər yad görünsə də, binaları özgə zövqlərdə bəzənsə də, heykəlləri ruhumdan bir parça olmasa da, döngə-dalanlarına hələ tam alışmasam da, sinədolusu ciyərlərimə çəkdiyim buzlu havası doğmadır. Üstündə gəzdiyim torpağı Vətəndir.

Əynindən çıxardığı nimdaş, çirkli donunun əvəzinə yeni qiyafəyə bürünür Xankəndi.

Gəzə-gəzə gəlib çıxıram Xankəndinin baş meydanına.

Erməni separatizminin rüşeymi 13 fevral 1988-ci ildə bu meydanda atılmışdı. “Miatsum”, “miatsum” sədaları burdan yüksəlib onları “Böyük Ermənistan” xam xəyallarına kökləmişdi.

Sonra... Minlərlə insanın həyatı bahasına başa gələn Qarabağ müharibəsi, ermənilərin qondarma arzusu...

Və 2020-ci il 27 sentyabr.

44 günlük müharibə.

Zəfər.

Və 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatları...

Və 8 noyabr 2023-cü il, Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə keçirilən təntənəli hərbi parad.

Və bir də, sadə bir Azərbaycan vətəndaşı - bəndəniz bu gün bu meydanda dayanmaq xoşbəxtliyi ilə sizinlə bu həqiqətləri bölüşür.

Xankəndinə yenidən Azərbaycan ruhu, Azərbaycan nəfəsi qayıdır.

Prospektlərdən, küçələrdən, dalanlardan yad nəzərlər, özgə əllər çəkilir.

Buna özüm şahidəm!

Və Xankəndi dirçəlir, bir səməndər quşu misalı.

Foto - İlkin Nəbiyev ©️ APA GROUP