Dəyəri 10 min manat olan samovar, məmur aftafası və nadir əşyalar - Qalayçı emalatxanasından REPORTAJ

Dəyəri 10 min manat olan samovar, məmur aftafası və nadir əşyalar - Qalayçı emalatxanasından REPORTAJ

Bakının “Kubinka” kimi tanınan məhəlləsində ara küçələrdən birindəyik. Qarşımızda qalayçı emalatxanası var...

Yaşlı nəslin nümayəndələri qalayçıların hansı işlə məşğul olduğunu yaxşı bilsə də, gənclər, xüsusən “Z” nəsli adlandırdığımız yeniyetmələr bu peşənin, güman ki, heç adını belə eşitməyiblər. Qədim xalq sənətlərindən biri olan qalayçılıq müxtəlif metallardan olan əşyaların pas atmaması və üzərinin paxırlanmaması üçün səthinin qalaylanması işidir.

Bu işin sirlərini öyrənmək və onları gənc nəsillə paylaşmaq üçün Zahid ustanın emalatxanasındayıq. Qapının qarşısında sıra ilə düzülmüş samovar, məcməyi, qazan və teştlər qalaylanmaq üçün növbə gözləyir. Usta isə içəridə radioda səslənən “Ömür keçdi, gün keçdi” mahnısının fonunda can-başla işləyir.

Qalaylanan qab necə istifadə olunmalıdır?

Əslən İsmayıllı rayonunun Lahıc qəsəbəsindən olan qalayçı Zahid Zeynalov bizi çox mehriban qarşılayır.

O, 14 yaşından bəri bu işlə məşğul olur, peşənin sirlərini atasından öyrənib, indi isə 3 oğlu ilə birgə itib-batmaq üzrə olan bu peşəyə can verməyə çalışır.

“Bax qızım, ömrüm gördüyün bu balaca yerdə keçir, amma heç bir narazılığım yoxdur. Yayda çox vaxt səhər saat 6-dan burada oluram, düz axşam saat 11-12-yə qədər işləyirəm, qışda isə soyuq olduğundan işə bir az gec gəlirəm. Amma vacib nəsə olanda, soyuq olsa belə, qapını bağlayıb işimi görürəm”, - deyə söhbətə başlayır.

Qalayçılıq qədim və lazımlı peşə olsa da, günümüzdə sıradan çıxmış, deşilmiş və ya zədələnmiş metal avadanlıqları qalaylatmaqda tərəddüd edənlər çoxdur. Onlar ya yenisini almağa üstünlük verirlər, ya da düşünürlər ki, keçmişdə olduğu kimi keyfiyyətli qalaylardan istifadə olunmur.

Müsahibimiz isə deyir ki, bu yanaşmalar tamamilə yanlışdır: “Ümumiyyətlə, mis qablardan istifadə edənlərin çoxu onu necə işlətməyi də yaxşı bilir. Qalaylanmış mis qabda yeməyin dadını tam hiss etmək üçün o qab 2-3 ay işlədilməlidir. Qalaylanan qab mütəmadi olaraq - həftədə 3-4 dəfə istifadə olunmalıdır".

Qalayın texnologiyası və qiymətlər

Qalayın texnologiyasına gəldikdə, usta dedi ki, alüminium, çuqun, şirəli, paslanmayan metaldan olan qablar qalay götürmür, ancaq əlvan metallara qalay vurmaq olur. Qalaylanan qabı ələnmiş kəpək, yaxud soda ilə isti suda yumaq lazımdır, ona kimyəvi məhsul vurmaq olmaz, bu, qabın qaralmasına səbəb ola bilər.

"İstifadə etdiyimiz qalaylar Rusiya və Türkiyədən gətirilir. Biz də gedib “Vosmoy" bazarından (8-ci kilometr bazarı - red.) alırıq. Qalayın kiloqramı 90-100 manat aralığında dəyişir. 1 kiloqram qalayla 50 kiloqram qab qalaylayırıq. Məsələn, kiloyarımlıq bir qazanı qapağı ilə birgə 50 manata qalaylayırıq. Elə olub ki, 10 min manat dəyəri olan samovarları qalaylatmaq üçün gətiriblər. Dəyəri 5-10 min manat olan yüngülvari, əzilmiş üstü yazılı, naxışlı kiçik qabları da restavrasiya etmişəm”, - deyə o qeyd edir.

Zahid usta bir qazanı əlinə götürüb deyir: "Belə bir qazan üçün təxminən 80-100 qram qalay işlənir. Bu qazanı 1990-cı ildə öz evim üçün düzəltmişəm, amma heç işlənməyib, evdən veriblər ki, yenidən qalaylayım. Yeri gəlmişkən, 1990-cı ildə Sumqayıtda qalırdım, orada balaca bir dükanım vardı. O vaxt bir işlə bağlı Dağıstana getmişdim. Qayıdıb gələndə gördüm ki, dükanda nə qədər mis samovar və əşya var - hamısını oğurlayıblar. Təxminən 7-8 min manata yaxın ziyana düşdüm. Elə ondan sonra çıxıb gəldim "Kubinka"ya. O gün-bu gündür burada işləyirəm”.

Bu işə əsl qiymət qoyanlar bakılılardır

Z.Eyvazov bildirir ki, emalatxanadakı bəzi əşyalar satış üçündür: “Bax o yuxarıda gördüyün kor samovardır, 120-130 il əvvəl istehsal olunub. Ona görə kor deyirlər ki, digər samovarların ayaqlarının altında pəncərəsi var, havanı oradan alır, bu isə havanı samovarın aşağı hissəsində olan qapaq yerindən çəkir və ağappaq tüstü buraxır. Bu samovarların hər birinə 1500-1600 manat pul verib almışıq. Sənədləri də var, ümumiyyətlə, sənədsiz əşya almırıq. Oğurluq ehtimalını nəzərə alaraq həmişə sənəd-sübutla əşya almışıq. Belə samovarların da öz həvəskarları var, müştərisi çıxanda satacağıq. Onu da deyim ki, qalay belə samovarların yalnız içərisinə vurulur”.

Qalayçının sözlərinə görə, emalatxanaya hər təbəqədən müştərilər, hətta məmurlar belə qablarını qalaylatmaq üçün gəlirlər: “Açığı, bu işə əsl qiymət qoyanlar bakılılardır, rayon camaatı mis qablardan istifadə etməyə və onları qalaylatmağa o qədər də maraqlı deyil. İnsanlar da var ki, atasından, babasından nə qalıb - hamısını evində qoruyub saxlayır. 10-12 il əvvəl yanıma bir məmur gəlmişdi, əlində də bir aftafa. Əşya elə bir vəziyyətdə idi ki, bəlkə onu aparıb metal qəbul edən yerlərə versəydi, heç 5-6 manat da verməzdilər. Həmin məmur dedi ki, üzəri möhürlü olan bu aftafa 80-ci illərdə dədə-baba evində qalan tək əşyadır. Dörd günə aftafanı restavrasiya elədim. Onu düzəltməzdən əvvəl 25 manata razılaşmışdıq, adam işi o qədər bəyəndi ki, çıxarıb mənə 50 manat verdi”.

Sənətin yaşaması üçün sənətkarı yaşatmaq lazımdır

Usta bildirir ki, bu gün hotel və restoranlarla da əməkdaşlıq edir, oradan emalatxanaya mütəmadi olaraq qalaylanmaq üçün qablar gətirilir: “Çox şükür, qızım, bu gün işləyirik, amma bu peşənin itib-batmaq ehtimalı məni çox narahat edir. Çox istəyirəm ki, bu sənəti öyrətmək üçün şərait yaradılsın, indi, düzdür, bəzi müəssisələrdə, mərkəzlərdə mis qabları yığıb nümayiş etdirirlər, amma o qabları yığmaqla sənət yaşamır, sənətin yaşaması üçün sənətkarı yaşatmaq lazımdır. Gələcək üçün yeni sənətkarlar yetişməlidir. Mənim hazırda iki şagirdim var. Onlar bu ağır sənət üçün can qoyurlar. Bax buna sevinirəm. Çünki mən bu dünyada olmayanda da onlar mənim bu sənətimi davam etdirəcəklər. Bu iş sayəsində dörd uşaq böyütmüşəm, əl-ələ verib ev də almışıq. Lahıcda dədə-baba yurdum var, indi yaş öz sözünü deyir, bilmək olmaz, bəlkə bir-iki il sonra bu qarışıqlıqdan, səs-küydən yorulub, köçüb Lahıcda ata ocağımda yaşayacağam. Həyat özü göstərəcək”.

Elə söhbətin bu yerində ustanın köməkçisi radionun dalğasını dəyişir. Yenidən "Ömür keçdi, gün keçdi" mahnısı səslənir. Və bu notlarla da ustaya uzun ömür, cansağlığı arzulayıb emalatxananı tərk edirik...

Foto: Ehtiram Cəbiyev