Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

Kreml Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb

Rusiya sərhədyanı bölgədə törədilən təxribatla bağlı Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hər iki tərəfi təmkinli olmağa çağırırıq. Biz diqqətlə izləyəcəyik”, - Kreml sözçüsü qeyd edib.

D.Peskov əlavə edib ki, belə hadisələr danışıqlar prosesinin irəliləməsinə kömək etmir və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşdırmır. Rusiya Prezidentinin mətbuat katibi vurğulayıb ki, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam etdiriləcəyinə ümidvardır.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə açılan atəş nəticəsində əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb.

DSX bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Ermənistan Müdafiə Nazirliyi dörd hərbçisinin öldüyünü, birinin yaralandığını etiraf edib.