TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik edib

TÜRKPA-nın Baş katibi İlham Əliyevi təbrik edib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Birxeber.Az"un məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri cənab Prezident.

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi adından və şəxsən öz adımdan Sizi 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

İlk dəfə olaraq seçkilərin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qardaş Azərbaycanın bütün ərazisində keçirilməsi mühüm tarixi hadisə kimi qiymətləndirilir.

Xalqın rifahına və ölkənin hərtərəfli inkişafına yönəlmiş məqsədyönlü və uğurlu siyasəti təmin etməyə, respublikanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməyə qadir lider kimi növbəti dəfə bu şərəfli vəzifəyə seçilməyiniz Azərbaycan xalqının Sizə və siyasi kursunuza olan etimadının bariz nümunəsidir.

Bu xoş fürsətdən istifadə edərək, Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm".