Ötən ay “Abşeron” yatağından kondensat hasilatının həcmi açıqlanıb

Ötən ay “Abşeron” yatağından kondensat hasilatının həcmi açıqlanıb

Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci ən böyük qaz-kondensat yatağı olan “Abşeron”dan ötən ay 50 min ton kondensat hasil edilib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2024-cü ilin yanvar ayı üzrə açıqladığı operativ məlumatlarında deyilir.

Ümumiyyətlə, bu ilin yanvar ayında Azərbaycanda 2,5 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 0,2 milyon ton və ya 7,41 % azdır.

Bildirilir ki, respublika üzrə neft hasilatının 1,4 milyon tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun payına düşüb. Bu da 2023-cü ilin yanvar ayı ilə müqayisədə AÇG üzrə neft hasilatı 0,2 milyon ton və ya 12,5 % azalıb.

“Şahdəniz” yatağından 0,4 milyon ton kondensat hasil edilib. Bu isə 2023-cü ilin yanvar ayının hasilat göstəricisi ilə müqayisədə eyni səviyyədə qalıb.

“Abşeron” yatağından hasilat isə ötən ilin iyul ayından başlanılıb.

Yanvarda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 0,7 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə eyni səviyyədədir.

Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.

"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edəcək.

Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.