Avropa İttifaqının yeni oyunu - qurban Ermənistan olacaq - RƏY

Avropa İttifaqının yeni oyunu - qurban Ermənistan olacaq - RƏY

Rəsmi İrəvan Avropa İttifaqının (Aİ) qurduğu oyunun qurbanına çevrilir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu oyunun içindədir.

Bunu “Report”a açıqlamasında “Qarabağ Qaziləri” İctimai Birliyinin İdarə Heyətinin üzvü Rey Kərimoğlu Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribatları şərh edərkən deyib.

O xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl yerli televiziya kanallarına müsahibəsində regionda sakitliyin olduğunu diqqətə çatdırmışdı: “Bundan sonra isə hərbi təxribat törədildi. Bu, Avropa İttifaqının Azərbaycana mesajıdır. Onlar demək istəyirlər ki, regionda sülh istəmirik və buna imkan vermərik”.

R.Kərimoğlunun sözlərinə görə, Ermənistana gələrək binoklla şərti sərhədə baxan Aİ müşahidəçiləri də bu oyunun içindədir: “Başda Fransa olmaqla Avropa bölgədə sülh istəmir. Sülh istəyən aktor belə davranmır. Çünki onlar uzun illərdir ki, bir dəfə də olsun Ermənistanın işğalçılıq siyasətinə irad bildirməyiblər. İşğaldan azad olunan Xankəndidə vaxtilə yaşamış heç bir erməninin evi dağıdılmayıb, heç bir erməniyə “çıx get” deyilməyib. Sadəcə olaraq ermənilər artıq reallığı anlayırlar. Avropa İttifaqı isə bütün bunları görməzdən gəlir, faktları təhrif edir”.

O qeyd edib ki, Aİ Cənubi Qafqazda sülh olmaması üçün hər şeyi edir: “ABŞ və Avropa Ukraynada oynadıqları oyunu indi də Ermənistanda oynayırlar. Azərbaycan da, müttəfiqləri bunu yaxşı görür, başa düşür. Biz təxribatlara getməyəcəyik. Amma eyni zamanda təhlükəsizliyimizi təmin etmək üçün müəyyən addımlar ata bilərik. Bu mənada ermənilərin atəş nöqtələri susdurulmalıdır. Həmçinin iki ölkənin şərti sərhədində 5 kilometr enində bufer zonanın yaradılması da mümkündür”.

R.Kərimoğlunun sözlərinə görə, Ermənistanın Aİ-nin oyunlarının qurbanına çevrilməsinin ağır nəticələri ola bilər: “Odur ki, Nikol Paşinyan və komandası reallıqları anlamalı, məntiqli addımlar atmalıdır. Ermənistan Ukraynada, Suriyada baş verənlərdən dərs çıxarmalıdır. Məsələ Ermənistanın dövlətçiliyi məsələsidir. İrəvan təxribatlarla nəyəsə nail ola bilməyəcək”.

Xatırladaq ki, fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində azərbaycanlı hərbi qulluqçu yaralanıb.

Fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri fevralın 13-də Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “Qisas əməliyyatı” keçirib. Məlumata görə, əməliyyat nəticəsində dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub.

Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.