Yaponiyanın tədqiqat modulu Aya enib

Yaponiyanın tədqiqat modulu Aya enib

SLIM adlı ilk Yapon tədqiqat modulu Ayın səthinə enib.

Birxeber.Az xəbər verir ki, modulun Aya enməsi Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) tərəfindən canlı yayımlanıb.

JAXA-dan bildirilib ki, SLIM-in günəş panelləri enerji istehsal etmədiyi üçün enerji problemi yaşayır.

"Biz cihazın Aya endiyini və onunla əlaqənin qurulduğunu təsdiqlədik. Bununla belə, günəş batareyaları enerji istehsal etmir, ona görə də hazırda biz Ay səthindən məlumatların toplanmasına üstünlük veririk", - press-relizdə qeyd edilir. Modul hazırda daxili akkumulyatorla enerji ilə təchiz olunur.

Missiya uğurlu olarsa, Yaponiya modulunu Yerin təbii peykinə endirən dünyada beşinci ölkə olacaq. Əvvəllər buna Sovet İttifaqı, ABŞ, Çin və Hindistan nail olub.

Hündürlüyü 2,4 metr, çəkisi 200 kiloqram olan SLIM cihazı Ayın kraterlərini və topoqrafiyasını öyrənmək üçün nəzərdə tutulub. Həmçinin Ay səthində süxurların tərkibində olan dəmir və digər elementlərin miqdarını ölçə bilən xüsusi kamera ilə təchiz olunub.