CÀSÀ -nın tələbəsi Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında qızıl medal qazandı - FOTO

CÀSÀ -nın tələbəsi Beynəlxalq Gənc Aşpazlar Olimpiadasında qızıl medal qazandı - FOTO

Hər il Hindistanda təşkil olunan Beynəlxalq Gənc Aşpazlar Olimpiadasının "YCO" bu ilki qalibi CÀSÀ -nın tələbəsi Leyla Vəliyeva oldu. Olimpiadada 60-a yaxın ölkə iştirak edirdi. Onlardan Azərbaycan, İtaliya, Lüksemburq, İndoneziya, Portuqaliya, Özbəkistan və s. kimi ölkələr finala vəsiqə qazanmışdır. Final mərhələsi Hindistanın Kolkata şəhərində təşkil olunmuşdur. Leyla bütün rəqiblərini geridə qoyaraq ölkəmizə yenidən qalibiyyət gətirdi. Olimpiada zamanı Leyla yarımfinal mərhələsində - Vegeterian ana yemək və "Crepes Souffle a L' orange" hazırlayaraq finala vəsiqə qazanmışdır. Finalda isə tərəvəz və kartoflu qarnir ilə toyuq ətindən əsas yemək hazırlamışdır. Final mərhələsində 3-cü yerə İtaliya, 2-ci yerə Nepal və Filippin və 1-ci yerə isə Azərbaycan layiq görülmüşdür.

Qeyd etmək istərdik ki, Leyla Vəliyeva İngiltərənin City & Guilds təşkilatının aşpazlıq üzrə "Level 2" və "Level 3" proqramları üzrə CÀSÀ-da təhsil almışdır. Eyni zamanda CÀSÀ-da "Students Society"-nin səfiridir. Artıq 2-ci ildir ki, Azərbaycan ard-arda bu müsabiqəyə qoşulur və hər ikisində də qalib gəlir! Ötən ilin qalibi - tələbəmiz Emil Zeynalzadə olmuşdur. Olimpiadanın tarixində ilk dəfədir ki, bir ölkə ard-arda qalib gəlir!

Olimpiadaya hazırlıq mərhələsi CÀSÀ Kulinariya Mərkəzində keçirilmişdir və 3 ay davam etmişdir. Bu mərhələ Şef Kelvin Chong tərəfindən aparılmışdır. Şef Kelvin öz növbəsində beynəlxalq yarışlarda böyük təcrübəyə malikdir. O, öz təcrübə, bilik və bacarıqlarını hazırlıq mərhələsində Leyla ilə bölüşmüşdür.

CÀSÀ Azərbaycanda və MDB ölkələrində İngiltərənin City & Guilds təşkilatının akkreditə etdiyi, kulinariya sahəsində beynəlxalq diplom verən ilk və yeganə kulinariya mərkəzidir. Mərkəzdə xarici ölkələrin məşhur kulinariya institutlarında təcrübəsi olan peşakar aşpaz müəllimlər tərəfindən dərslər keçirilir. Təklif olunan proqramlar üzrə təhsil alan tələbələr dünyanın dörd bir tərəfində təşkil olunan yarışlarda iştirak edərək ölkəmizin bayrağını daima zirvələrə qaldırırlar. Kulinariya üzrə təhsil almaq və beynəlxalq yarışlarda iştirak şansı əldə etmək istəyənlər CÀSÀ Kulinariya Mərkəzinə müraciət edə bilərlər.

Eyni zamanda, CÀSÀ sizə Kulinariya üzrə ödənişsiz təhsil şansı yaradır. Bu şansdan yararlanmaq üçün CÀSÀ kulinariya çempionatında iştirak edə bilərsiniz. Çempionat bu ilin 18-19-20 Aprel tarixlərində CÀSÀ Kulinariya Mərkəzində təşkil olunacaq.