Bakıda uçma təhlükəsi ilə üzləşən binada bir neçə sakinin müdaxiləsi səbəbindən söküntü işləri aparıla bilmir - VİDEO

Bakıda uçma təhlükəsi ilə üzləşən binada bir neçə sakinin müdaxiləsi səbəbindən söküntü işləri aparıla bilmir - VİDEO

Bakıda uçma təhlükəsi ilə üzləşən yararsız vəziyyətdə olan binada bir neçə sakinin müdaxiləsi səbəbindən uzun müddətdir söküntü işləri aparıla bilmir.

“Report”un məlumatına görə, binada işləri həyata keçirən “İmperial Residence” şirkətinin rəhbəri Rafael Abdullayev tikiləcək layihədə 233 sakinin yaşayışla təmin olunacağını bildirib:

“Böyük bir kompleksin tikintisi nəzərdə tutulub. Tikəcəyimiz layihədə 233 sakin var, artıq onların 185-i ilə müqavilə imzalanıb, daha 25 nəfərlə də bağlanmaq üzrədir. Qalan 23 sakinlə hələ ki danışıqlar gedir. Bu sakinlər kvadratına daha çox pul tələb edirlər. Köçürülən ailələrin hamısına illik, il yarımlıq - istəklərinə uyğun birdəfəlik ödəmə olub”.

"Kubinka" adlandırılan ərazidə yaşayan sakinlərdən Təranə Ağabalayeva istismar müddəti bitən evlərin uçma təhlükəsi ilə üz-üzə olduğunu deyib:

“Demək olar ki, siçan yuvasıdır. Mənim evim hələ digər sakinlərin evləri ilə müqayisədə yaxşı idi. Mən razıyamsa, başqalarının narazılığını başa düşə bilmirəm. Bizi də, şirkəti də gecikdirirlər”.

Bina sakini Seyran Fərəcov bildirib ki, evlərin istismar müddəti çoxdan bitib:

“1985-ci ildən zülm çəkirik. Bu şirkət bizə müraciət edəndə sevindik. Çünki yaşayış yox idi, biabırçılıq idi. Razılaşma ilə 8 aydır evdən çıxmışam, hətta evin kvadratında artıqlaması ilə kömək etdi. Pulu da vaxtında ödəyir”.

Digər sakin Eldar Babayev vurğulayıb ki, şirkət vaxtında aylıq kirayə ödənişlərini həyata keçirir: “Şirkətlə müqavilə imzalamaq məni qane edir”.

Baku TV-nin mövzu ilə bağlı reportajını təqdim edirik: