Türkiyə köhnə Balkan dəhlizi ilə Avropaya qaz nəqli imkanını açıqlayıb

Türkiyə köhnə Balkan dəhlizi ilə Avropaya qaz nəqli imkanını açıqlayıb

Türkiyənin qaz nəqli operatoru “Botaş” köhnə Balkan dəhlizi ilə əks rejimdə qazın Avropaya nəqli imkanını açıqlayıb.

“Report” bu barədə “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir.

Operator Türkiyədən ixrac üçün Malkoçlar-Stranka sərhəd məntəqəsi vasitəsilə qaz tədarükü üçün tutumun bron edilməsi imkanını açıqlayıb. “Türk axını” işə salınmazdan əvvəl bu məntəqədən qaz Rusiya Federasiyasından Ukrayna, Moldova və Rumıniya vasitəsilə Türkiyənin qərbinə axırdı.

“Qazprom” və “Botaş” tərəfindən “Türk axını”nın işə salınmasından və onun Türkiyə, Bolqarıstan, Serbiya və Macarıstanda quruda davam etdirilməsi üçün obyektlərin tikintisindən sonra Rusiya qazı əks istiqamətdə – yeni Malkoçlar-Strança 2 məntəqəsi vasitəsilə axmağa başlayıb.

Botaş 2024-cü il üçün 10 milyon kubmetrə qədər rezervasiya qabiliyyətini təklif edib.

Cari ilin yanvarında “Botaş” və Bolqarıstanın qaz nəqli operatoru “Bulgartransgaz” arasında bu məntəqə vasitəsilə ikitərəfli qaz tədarükünə dair operatorlararası saziş imzalanıb. Eyni zamanda, Bolqarıstan-Türkiyə istiqamətində gündəlik 47 milyon kubmetrə qədər tədarük etmək mümkündür.

“Bulqartransqaz” rəsmiləri qeyd edib ki, Türkiyənin qaz nəqli şəbəkəsi vasitəsilə bu ölkənin, eləcə də Azərbaycan, İran yataqlarından təbii qaza, həmçinin Türkiyənin yenidən qazlaşdırma terminalları vasitəsilə qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarına çıxış təmin edilə bilər.