Filippində torpaq sürüşməsində ölənlərin sayı 68-ə çatıb

Filippində torpaq sürüşməsində ölənlərin sayı 68-ə çatıb

Filippində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68-ə çatıb.

APA xəbər verir ki, bu barədə yerli “ABS-CBN News” media agentliyi məlumat yayıb.

Məlumatda deyilir ki, torpaq sürüşməsindən sonra 51 nəfər hələ də itkin sayılır və onların axtarışı davam etdirilir.

Qeyd olunub ki, torpaq sürüşməsindən bir həftə vaxt keçdiyi üçün xilasedicilər dağıntılar altından sağ adam tapa biləcəklərinə ümid etmir, sonuncu dəfə sağ tapılan şəxs 9 fevralda dağıntılar altından çıxarılan üç yaşlı qız olub.

Əraziyə (təxminən 9 hektara yaxın) davam edən axtarış-xilasetmə işlərinə yüzlərlə insan və ağır texnika cəlb olunub.

Xatırladaq ki, fevralın 6-da Davao de Oro əyalətində torpaq sürüşməsi baş verib. Yerli qızıl mədən şirkətinin işçilərini daşıyan bir neçə avtobus və ərazidə olan bir sıra evlər torpaq altında qalıb.

Baş vermiş hadisəyə səbəb güclü yağışlar olub.