Azərbaycan bələdiyyələri ötən il torpaq satışından 5 milyon manat qazanıb

Azərbaycan bələdiyyələri ötən il torpaq satışından 5 milyon manat qazanıb

2023-cü ildə Azərbaycanda torpaq satışından bələdiyyələrin hesabına 4 572 033 manat vəsait daxil olub.

Bu barədə "Birxeber.Az"un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bu, 2022-ci il ilə müqayisədə 468 599 manat və yaxud 11,4 % çoxdur.

İl ərzində Abşeron rayonu üzrə ümumi sahəsi 20,3 ha olan 123 bələdiyyə torpağının mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə 27 müsabiqə təşkil edilib. Ümumi sahəsi 14,4 ha olan 115 torpaq sahəsi mülkiyyətə, ümumi sahəsi 5,9 ha olan 8 torpaq sahəsi icarəyə verilib. Abşeron rayonu üzrə mülkiyyətə verilən torpaqların satışından 853 800 manat məbləğində vəsait müvafiq bələdiyyələrin hesabına daxil olub.

Hesabat dövründə digər rayonlar üzrə 382 müsabiqə, 106 hərrac təşkil edilib. Digər rayonlar üzrə mülkiyyətə verilən torpaqların satışından 3 718 233 manat müvafiq bələdiyyələrin hesabına daxil olub.

Prezident İlham Əliyevin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-ci il tarixli fərmanına əsasən Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə müsabiqə və yaxud hərraclar təşkil edilmir.