Azərbaycanda bir sıra dövlət qurumlarının ödəniş rekvizitləri dəyişdirilib

Azərbaycanda bir sıra dövlət qurumlarının ödəniş rekvizitləri dəyişdirilib

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin strukturunun optimallaşdırılması və yerli qurumlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 1 saylı Xəzinədarlıq İdarəsindəki məcburi dövlət sosial və işsizlikdən sığorta üzrə xəzinə hesab kitabları bağlanılıb, 2 saylı Xəzinədarlıq İdarəsində yeni xəzinə kitabları açılıb.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası ƏƏSM-nin tabeliyində DSMF-də uçotda olan sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqlarının, o cümlədən bu sığorta üzrə tətbiq edilmiş penya, cərimə və maliyyə sanksiyalarının DSMF-nin müvafiq xəzinə hesab kitablarına ödənilməsi nəzərdə tutulub.

Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanması və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq istəyənlər İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1), Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilər.