Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb

Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb

Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb.

Bu barədə "Report"a açıqlamasında Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Onun sözlərinə görə, görülmüş işlərin, o cümlədən Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə həyata keçirilmiş tədbirlərin nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin eyni dövründə qeydə alınmış cinayətlər ümumilikdə 33,8 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 18,5 faiz, qeyri-hərbi cinayətlər 44,9 faiz; hərbi xidmətdən yayınma cinayətləri 45,2 faiz; hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 35,3 faiz; hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 85,7 faiz və mülkiyyət əleyhinə olan cinayətlər 22,7 faiz azalıb.

"Xüsusi vurğulamaq lazımdır ki, özünü öldürmə həddinə çatdırma cinayətləri yanvar ayı ərzində ümumiyyətlə qeydə alınmayıb. Ötən ay Hərbi Prokurorluq orqanlarının fəaliyyəti üçün də uğurlu olub. Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə mühüm işlər görülüb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin 100 faizi açılıb. Hərbi Prokurorluğun kollektivi qanunçuluğun daha da möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətini davam etdirir", - F.Əliyev qeyd edib.

Firad Əliyev
Firad Əliyev