Quantanamo həbsxanasında 14 il saxlanılmış 2 talib sərbəst buraxılıb

Quantanamo həbsxanasında 14 il saxlanılmış 2 talib sərbəst buraxılıb

2002-ci ildən sonra Quantanamo həbsxanasında azı 14 il ABŞ-nin həbsində saxlanılmış iki əfqan məhbus Omanda ev dustaqlığından azad edilib.

“Report” xəbər verir ki, bu barədə bazar günü Talibanın Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani sosial şəbəkədə bildirib.

Onun sözlərinə görə, Əbdül Zahir Sabir və Əbdülkərim “Əfqanıstan İslam Əmirliyi”nin səyləri nəticəsində azad ediliblər.

Talibanın yüksəkrütbəli rəsmiləri sosial şəbəkələrdə Sabir və Kərimin fotolarını təbrik mesajları ilə yerləşdiriblər. Qani bildirib ki, onların bazar ertəsi geri qayıtmaları üçün paytaxt Kabildə rəsmi qarşılanma mərasimi təşkil olunur.

Bu iki şəxs 2017-ci ilə qədər Quantanamoda saxlanılıb, onlar Oman krallığına köçürülüb və sonrakı yeddi ili orada səyahət qadağası ilə ev dustaqlığında keçiriblər.

Qeyd edək ki, Kubaya məxsus və XX əsrin əvvəlindən ABŞ-nin icarəsində olan Quantanamo bölgəsində həbsxana 2002-ci ildə yaradılıb. Quantanamo həbsxanası “terrorçuluğa qarşı müharibə” zamanı müxtəlif ölkələrdə ABŞ səlahiyyətliləri tərəfindən saxlanılmış və adətən cinayət ittihamı və ya müddət məhdudiyyəti olmadan həbsxanada saxlanılan insanlar üçün düşərgədir. 2021-ci ilin iyul ayına olan məlumata görə, həbsxanada 39 nəfər var olub. Müəssisənin bağlanması ilə əlaqədar bir neçə cəhdlər olsa da, bu sonacan həyata keçirilməyib.