Kyodo: Yaponiya yenidənqurma üçün Ukraynaya 106 milyon dollar verəcək

Kyodo: Yaponiya yenidənqurma üçün Ukraynaya 106 milyon dollar verəcək

Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransın yekunlarına görə Kiyevə 15,8 milyard yen (təxminən 106 milyon dollar) məbləğində qrant köçürmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə Kyodo agentliyi mənbələrə istinadən məlumat yayıb.

Bundan əvvəl “Sankei” qəzeti yazıb ki, Yaponiya hakimiyyət orqanları Kiyevlə əməkdaşlığın yeddi prioritet istiqamətini müəyyənləşdiriblər və bu, konfrans zamanı açıqlanacaq. Yapon tərəfinin Ukrayna ərazisinin minalardan təmizlənməsinə və ölkədə humanitar vəziyyətin yaxşılaşdırılmasına töhfə verəcəyi, yerli kənd təsərrüfatının, yeni istehsal növlərinin, o cümlədən biotexnologiya sahəsinin, eləcə də İT texnologiyalarının inkişafına təkan verəcəyi gözlənilir. Bundan əlavə, Yaponiya Ukraynanın enerji və nəqliyyat infrastrukturunun bərpasına çalışacaq.

Qeyd edək ki, Yaponiya hökuməti indiyədək Ukraynaya 7,6 milyard dollardan çox humanitar, ərzaq, maliyyə və digər növ yardımlar göstərib.