AFFA rəsmisi: “Son 20 ildə uşaq futbolunda, demək olar ki, heç nə dəyişməyib”

AFFA rəsmisi: “Son 20 ildə uşaq futbolunda, demək olar ki, heç nə dəyişməyib”

“Son 20 ildə uşaq futbolunda, demək olar ki, heç nə dəyişməyib”.

“Report” xəbər verir ki, bunu AFFA-nın texniki direktoru Cahangir Həsənzadə tanınmış jurnalist Həmid Həmidovun müəllifi və aparıcısı olduğu, yutub üzərindən yayımlanan “Danışaq?” verilişində bildirib.

44 yaşlı mütəxəssis ölkə ərazisində stadion sayının azlığından gileylənib: “Yalnız AFFA tərəfindən tikilən 2-3 stadion var. Bəzi klublar da stadion inşa edirlər. Yəni qlobal dəyişiklik yoxdur. Halbuki uşaq futbolu ən kütləvi sahədir, ölkə əhalisinin bütün təbəqələrini əhatə etməlidir. Bizdə stadionların sayı da çox azdır. Kiçik ölçülü meydançalar yetərli deyil. Üstəlik, hamısı süni örtükdür”.

Veteran futbolçunun fikrincə, Premyer Liqada komanda sayı artırılmalıdır: “10 komanda azdır. Ölkəmizin ərazisi və əhalisinin sayını nəzərə alsaq, daha çox klub olmalıdır. Üstəlik, iştirakçıların əksəriyyəti Bakıda çıxış edir. Bu da neqativ haldır. Bölgə təmsilçiləri əsasən aşağı liqalarda mübarizə aparırlar. Əlbəttə, 12 və ya 14 komandanın iştirakı daha yaxşı olardı. Yeni yaradılan Birinci Liqada komandaların keyfiyyəti aşağıdır. Azərbaycan dövləti bütün klublara malliyə ayırır. Təəssüf ki, iş adamları bu sahədə, dəmək olar ki, yox dərəcəsindədir. Bu üzdən Premyer Liqa ilə Birinci Liqa arasında səviyyə baxımından 10 dəfə fərq var. Azərbaycanda klublar gəlir əldə edə bilmədikləri üçün bir müddət sonra dağılırlar. İş adamları da buna gorə futbola yaxın durmurlar”.

Azərbaycan millisinin sabiq üzvü Premyer Liqada legioner limitinin artırılmasına qarşı olduğunu bildirib: “Legioner limiti mütləq olmalıdır. “7+4” sistemində milli üçün 40 futbolçu arasında seçim edilir. Bu məsələdə balans tapmaq lazımdır. Fikrimcə, hazırkı format yaxşıdır. Rəqabətədavamlı futbolçular yetişərsə, 5-6 ildən sonra legioner limitinə baxmaq olar. Milli komanda üçün isə xaricdə yaşayan azərbaycanlı futbolçuları da diqqətdə saxlayırıq. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz ölkəsinin yığmasında oynamaq haqqıdır. Təbii ki, seçim zamanı onun keyfiyyətinə fikir veririk”.

Azərbaycan millisinin sabiq qapıçısı hazırkı qolkiperlər arasında Şahruddin Məhəmmədəliyevi fərqləndirib: “Məncə, hazırda Azərbaycanın ən güclü qapıçısı Şahruddin Məhəmmədəliyevdir. Perspektivli qolkiperlərimiz var. Onlar bir neçə ildən sonra millidə çıxış edəcəklər”.